Xoşbəxtlik tablosunun cizgiləri

Məhəmməd Talıblı, 2/9/14

Xoşbəxtlik haqqında düşüncələr dünyadakı insanların sayı qədərdir. Yəni, hərənin öz xoşbəxtlik dünyası və tablosu var. Birisi çox çalışır. Birisi çox yazır. Birisi çox yatır. Amma hər bir fəaliyyət xoşbəxt olmaq üçün edilir. İnsan xoşbəxt ola bilirsə, onda yenidən həmin hərəkətləri edirmi? Doğrudanmı, bütün fəaliyyətlər insanı xoşbəxt edə bilmədiyi halda, o, sonsuzluğa qədər bu fəaliyyətlərdən əl çəkmir? Düşündürücü suallardır, deyilmi? Bu kimi suallara daha çox ağlabatan cavabları “Nobel”çi Orxan Pamukun “Atamın bavulu”nda tapmaq olur:  “Xoşbəxt ola bilmədiyim üçün yazıram! Xoşbəxt olmaq üçün yazıram!” Birinci halda insanın xoşbəxt olmaması fakt kimi etiraf olunur və insan həmin boşluğu doldurmaq üçün yazmaq ehtiyacını hiss edərək dilə gətirir. İkinci halda isə o daha xoşbəxt olaraq könül xoşluğu və məmnunluqla düşüncələrini paylaşır.

İnsanın hansı vəziyyətdə xoşbəxt olması əksər hallarda uğur faktlarından daha çox, onun yaşatdığı emosional ovqatla bağlı olur. Bu baxımdan insan özünü xoşbəxt etmək istəyirsə, ilk növbədə onun emosiyalarına təsir edən mənfi amillərin aradan qaldırmasına nail olmalıdır. Müsbət emosiyaları yaratmağa və uzun müddətlə yaşatmağa nail olmağı bacarmalıdır. Məlumdur ki, həyatımız hər gün belə mənfi emosiyalarla və faciəvi məlumatlarla dolur. Onların miqyasını və təsirini öz həyatımıza mümkün qədər az buraxmaqla bu xarici təsirlərdən azad olmaq mümkündür.

İnsan həyatının mənası özünü və imkan olarsa, ətrafını xoşbəxt etməkdən ibarətdir. Xoşbəxtlik təkcə maddi baxımdan nəyinsə əlçatanlığını təmin edən yox, əksər hallarda emosional durumla müəyyənləşən amildir. Emosional durum isə insanın zövq alma gücü ilə ölçülməlidir. Yəni, biz həyatımıza məna qatanda və onu yaşatmağa başlayanda bizi məmnunluq hiss bürüyür.  “Çox vaxt xoşbəxtliyimizin də, bədbəxtliyimizin də səbəbi yaşadığımız həyatdan çox, ona verdiyimiz mənadan irəli gəlir.“ (O. Pamuk) Dünyagörüşü məhdud və özünə nə lazım olduğunu konkret halda müəyyənləşdirməyən şəxsin xoşbəxtliyi qeyri-müəyyən olacaq. Çünki, onun düşüncəsində xoşbəxtliyinin sərhədləri və meyarları yoxdur. Dahilərdən biri deyirdi ki, xoşbəxt olmaq istəyirsənsə, öz sərhədini bil və qəbul et.

Problemlər xoşbəxtlik üçün “şlaqbaumdurmu”?

Biz bəzən çox ümidsiz oluruq. Problemlərimiz çox olduğu və həll olunmadığı üçün. Pessimist və ya optimist ovqatda olmağımızı da əksər hallarda problemlərə yanaşmamızla və onları həll edə bilməklə(bilməmək) büruzə veririk. Xoşbəxt insan heç vaxt uzun müddət pessimist ovqatda ola bilməz. O pessimistdirsə, özünü xoşbəxt də hesab edə bilməz. Xoşbəxt hal üçün optimizm münasib hal və böyük gücdür. Sabaha böyük ümidlə baxmayan və uğurlarına inam hissi olmayan insanın özünü xoşbəxt hiss etməsi də mümkün olmaz. “Bizi xoşbəxtlikdən saxlayan hansı amildir” sualına ilkin və yəqin ki, yeganə cavabımız həlli mürəkkəb olan problemlərlə bağlı olacaq.

Doğrudur ki,  xoşbəxt olmaq üçün insanın uğurlarının sayı və daimi olaraq problemi həll etmək iqtidarı mühüm rol oynayır. Hər bir uğur bizim həmin problemi həll etmək iqtidarından asılıdır. Bildiyimiz kimi isə uğur xoşbəxtlikdən öncəki mərhələdir. Uğur - əldə etmək istədiyinizi əldə etmək, xoşbəxtlik isə əlinizdə olanı saxlamaqdır.

İnsan həyatında problem olanda deyil, krizis olanda özünü tam bədbəxt hiss edir. Amma nə zaman ki, həmin problemlər həll olunur, o zaman insan özünü xoşbəxt hiss etməyə başlayır. Davamlı olaraq məqsədlərinizə nail olduqca həm özümüzü xoşbəxt hiss edir, həm də şəxsimizə güvən hissimiz artır. Özünə güvən hissi artdıqca daxilinizdəki xoşbəxtlik qığılcımı isə daha alovlanmağa başlayır. Ona görə, xoşbəxtlik yalnızca son dayanacaq deyil, prosesin özündən aldığımız məmnunluq hissidir. Dahi Epiktotes deyirdi ki, xoşbəxtlik gedilən yolun üzərindədir, sonunda yox.

Xoşbəxtliyin riyazi ölçüsü və qaydası.

Xoşbəxt insan heç vaxt gərgin və qeyri-stabil mühitdə özünü tapa bilməz. Onun xoşbəxtliyi üçün əsas çatışmazlıq, bəlkə də, o ola bilər. Onun üçün beynində həmişə bir rahatlıq və sakitlik hökm sürməlidir. İnsan özünü hüzur və mehriban şəraitdə hiss etməlidir. Zənginliyin xoşbəxtliklə sinonim anlayış kimi istifadəsinə də çox rast gəlirik. Bununla bağlı növbəti araşdırmanın diqqətinizə təqdim olunması inanıram ki, maraqlı olacaq. İngiltərədə Kolec Universitetinin alimi Dr. Robb Rutledq  maraqlı bir araşdırma(2010) ilə xoşbəxtliyin riyazi üsulla ölçülməsinə nail olub. Araşdırma zamanı 18 min insanın oynadığı “The Great Brain Experiment” adlı risk-mükafat oyununa tətbiq edilib. Oyunda böyük pul qazananlar deyil, gözlədiklərindən çox pul qazananların daha xoşbəxt olması müəyyənləşdirilib. Araşdırmaçı professor Osvald bununla xoşbəxtliyin ölçüsünü belə əsaslandırmışdır: “Əgər bir insanın nə qədər xoşbəxt olmasını öyrənmək istəyirsinizsə, ondan maaşını deyil, iş yoldaşlarından çox qazanıb-qazanmadığını, ya da köhnə maaşına görə nə qədər artım aldığını soruşsanız, məntiqli olar.”

Xöşbəxtliklə bağlı müxtəlif qayda və şərtlərin də olmasına rast gəlirik. Amma daha çox bəyəndiyim qayda hesab etdiyim bu fikirlər bir çox baxımdan ibrətamizdir. Ona görə xoşbəxt olmaq üçün 5 sadə qaydanın nəzərə alınması məsləhət görülür:

- Daxilindəki mənfi emosiya olan nifrəti qəlbindən çıxar. Dostları və düşmənləri bağışla.

- Səni həyəcanlandıran halları aradan qaldır. Çünki onların heç birinin sənin uğurlarında heç bir rolu yoxdur.

- Əldə etdiklərinə şükr et və olduqca sadə həyat yaşamağa öyrən.

- Səndən böyük gözləntisi olanları mümkün qədər razı sal.

- İnsanlardan isə özünün böyük gözləntilərin olmasın. Belə gözləntilər özünü doğrultmayanda sən hər dəfə məyus olursan.

Bu qaydalardan göründüyü kimi, mənəvi-psixoloji momentlərin rolu və insanlararası kommunikasiyanın effektiv qurulması bizim xoşbəxtlik tablomuzun əsas cizgilərinin  əsasıdır. Bununla bağlı məşhur Brayan Treysi özünün əsərlərində qeyd edir:   “Xoşbəxtliyimizin 85%-i digərləri ilə xoş münasibətlərdən qaynaqlanır. Təəssüf ki, uyğun olaraq problem və qayğılarımızın da 85%-i digər insanlarla bağlı olacaq. Bu bağlantılar isə elə keyfiyyətlə və davamlı tələbələrə cavab verərək müəyyənləşməlidir ki, bizim xoşbəxtlik tablomuz qara rənglərlə boyanmasın”.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat