Xof yaradan “qorxu imperatorluğu”

Səadət Cahangir, 2/9/14

Yaşadığımız dünya getdikcə “qorxu imperatorluğu” üzərində qurulan bir düzənin əsirinə çevrilməkdədir. Demək olar ki, hər gün qlobal informasiya məkanından aldığımız xəbərlərin yarıdan çoxu müharibə, təbii fəlakətlər, öldürücü viruslar, siyasi münaqişələr, yol qəzaları, ölüm və qan haqqındadır. Şübhəsiz, insan üçün qorxusuz həyat anlayışı yoxdur və ola da bilməz. Bəlkə, hələ bir çoxunuz deyəcəksiniz ki, qorxu  həqiqətən belə dəhşətli şey olsaydı, şöhrətli rejissor Alfred Hiçkokun filmlərinin, amerikan yazıçısı Stefan Edvin Kinqin əsərlərinin, Mixail Şumaherin “ralli tamaşaları”nın azarkeş sayı rekord qırmazdı. Razıyam. Dünyanın məşhur psixoloqları belə hesab edir ki,  həddində olan bir qorxu tam sağlıqlıdır. İnsan üçün önəmli adrenalin qaynaqlarından biri olan bu hiss dozasını keçmədiyi yerə qədər, insana yalnız motivasiya verə bilər.

Amma qorxu faktoru hər zaman insan “yaradıcılığı”na xoş niyyətlə ayaq açmır. Yuxarıda söz açdığımız “qorxu imperatorluğu”nun çalışma mexanizminə göz atanda görürük ki, əsl təhlükəli olan şey, əslində, insanın öz mənfəəti üçün yaratdığı süni qorxudur. Belə “nümunələr”ə böyük qazanc güdən reklamlarda, kampaniyalarda, TV proqramlarında rast gələ bilərik. Amma araşdırmalara görə qorxunun ən çirkin və amansız formaları siyasi məqsədlərlə istifadə olunub tarixən. Məsələn, Fransada “gilyotin dövrü”, Almaniyada “faşizm dövrü”, Amerikada “zənci ovu dövrü”, Azərbaycanda “37-ci illər dövrü”...

Görünən odur ki, müasir dünyanın siyasi mənzərəsi də gələcək tarix üçün çox sayda bənzər mərhələlər vəd edir. Şahidi olduğumuz bu  mərhələlərin tarixə hansı adla düşəcəyini bilmirəm. Amma ona əminəm ki, həmin ad yuxarıda qeyd etdiklərim qədər lənətli və unudulmaz olacaq. Ərəb baharı, Suriya, Misir, İraq, Fələstin, Çin və Ukraynada baş verən qanlı hadisələr, İŞİD adlı terror kabusu tarixdə öz acı izlərini qoyacaq, şübhəsiz.  Minlərlə insanın qətli, viran edilən şəhərlər, dağılan evlər böyük bir vəhşət tablosu açır gözlərimizin önündə. Bütün bu bəlalar bizdən yan keçməyib ki... Ən adi haqların yasaqlandığı, azacıq fərqli fikir sahibi olan insanların həbsdə çürüdüldüyü, qanunların heç nəyə yaramadığı bir ölkədə yaşayırıq. Və bütün bu ədalətsizlikləri, qanunsuzluqları və eybəcərlikləri boyamaq üçün işə salınan xof, vahimə mexanizmi var qarşımızda!

Günümüzdə bir çoxlarının düşüncəsi budur ki, qorxu filmlərini populyar edən və onun sahibinə milyonlar qazandırması məhz qorxu faktoru ilə bağlıdır. Bəlkə doğrudur, o, bir sənət sahəsində sınaqdan keçirilib, seyrçilərə istədiyi qədər adrenalin verə bilər. Lakin siyasi məqsədli, hakimiyyəti qorumaq və əldəki imtiyazları on illərlə saxlamaq məqsədi güdən qorxu ona bənzəməz. Bu, milyonlarla insanı köləyə çevirən, ruhən əzən və həyatını alt-üst edən iyrənc məqsədli bir qorxudur. Onun kökündə yalnız bir qrupun harın maraqları və zorakı hökmranlıq iddiaları dayanır.

Amma əlbət ki, bütün qorxulu dövrlər keçir və lənətli tarixə çevrilir bir gün. Şəksiz, oradan sağlam və çirkaba bulaşmadan çıxmaqdır ən böyük qəhrəmanlıq. Qorxunun anlamını şərh edən psixoloqlar deyir ki, onun tam təsirləri özünü göstərən zaman insan beyninə “ya savaş, ya da qaç”  siqnalı verilir. Amma bu zaman iki variantdan hansı seçilirsə seçilsin, insan bütün gücünü işə salır. Savaşmaq ən çətini seçməkdir. Şübhəsiz, bu savaş yalnız sağlam əsasda, xeyrin şər üzərində qələbəsi niyyəti ilə seçildiyi zaman haqlı sayıla bilər. Bu həm də insanlığın “qorxu imperatorluğu”nun mənəmlik diktəsinə boyun əyməməsi üçün önəmlidir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat