İnternetin doğurduğu azadlıqlar

Məhəmməd Talıblı, 11/9/14

Əsrlər dəyişdikcə, hətta illər ötdükcə azadlıq anlayışı və onun coğrafiyası dəyişir. Hətta sovet zamanında bir yazının çap olunması üçün uzun prosedur və kimlərincə icazəsi tələb edilirdisə, indi bu cür maneələr yoxdur. Evində oturursan, istənilən fikirlərini yazırsan və okeanın o tayında bir neçə dəqiqədən sonra səni rahatca oxuyurlar. Bütün bu işləri zövqlə və şövqlə görməkdə internetin qaandırdığı azadlıqlar insana güc verir. İşgüzarlığını stimullaşdırır. Hətta, bütün ağır işlər belə sənə su içim kimi gəlir. Çünki ortada insanın ifadə azadlığına mane olacaq heç bir senzuraya yer qalmaması kimi böyük üstünlük var. Karl Yunq deyirdi ki, azad iradə, görmək məcburiyyətində olduğu işi oynayıb-gülərək görmə bacarığıdır. Belə azadlıqların olduğu bir yerdə insan mütləq özü inkişaf etməklə cəmiyyəti və bəşəriyyəti də inkişaf etdirir. Bu baxımdan çağdaş dövrün bizə verdiyi azadlıqlar içərisində internetin əlahiddə rolu var. İnternet bütün senzuraları darmadağın edən və yeni insan kəşfi üçün böyük imkanlar açan qlobal fenomendir. Bu fenomenin insan azadlığı ilə bağlı 2 mühüm məqamına ABŞ tarixçisi və filosofu Mark Poster aydınlıq gətirib. Bunun birincisi, internetin insana vətəndaşlıqdan daha böyük azadlıqlar verilməsidir. Yəni, insan pasport almaqla və vətəndaşlığını təsdiq edən sənəd əldə etməklə azad vətəndaş olmur. Onun azad vətəndaş olması sərhədləri aşaraq özünü azad insan kimi hiss etməsindədir. İkinci məqam, internetin vətəndaşı milli dövlətin zülmündən qurtararaq azad insana çevirməsidir. Yəni, dövlətlərin sərhədləri insanın azadlıqlarını məhdudlaşdıran faktora çevrilməməlidir. Azad insan dünyaya rahat çıxışı olan və dövlətlərin sərhədlərini özü üçün maneə hesab etməyən insandır. Qısası, insan azad olduqca dünya insanına çevrilir.

İnsan ruhu və daxili azadlıq.  Azadlığa münasibət insanın daxili dünyası, xarakteri və ruhu ilə bilavasitə əlaqəlidir. Azad insan və istənilən azadlıqlar təkcə “qırmızı onluq” olaraq hamının xoşuna gəlməyə də bilər. Ona nifrət edənlər də var. Bunlar təkcə azadlığın düşmənləri-diktatorlar, avtoritar dövlət başçıları da deyillər. Bu sıradan insan da ola bilər. Belə insanlar azadlığa qurucu fürsətlər kimi baxdıqlarından, özlərini həmin sistemdə görə bilmirlər. Axı, nifrət edən həmin insanlarda quruculuq hissi olmadığından onlar həmin azadlıqları özlərinə böyük təhlükə kimi hiss edirlər. Demək, əslində azadlığın düşmənləri həm də daxilində böyük dağıdıcılıq gücü olan insanlardır.

Azadlıqlar asılılığı sevməyən və onu qəbul etməyən qonaqdır. Azadlıqlar olanda insanın düşüncəsi və psixologiyası çoxlu alternativlər qarşısında olur. Onun seçimləri çox və qərarvermə imkanları sərbəst olur. Kiçik sistemlərdən (QHT, siyasi partiyalar) başlayaraq böyük sistemlərə qədər (dövlətlər, beynəlxalq təşkilatlar) istənilən məkanda insanın  düşüncəsi və psixologiyası sistemdən asılıdırsa, onu azad insan adlandırmaq olmaz. Azad insan düşüncəsi və psixologiyası üçün heç kimdən asılı olmayan sərbəst xarakter vacibdir. Bu baxımdan biz azadlıqlar barəsində danışarkən daxili azadlıq duyğusundan danışmaya bilmərik. Daxili azadlığın əsas gücü isə təşəbbüs azadlığındadır. Cəmiyyətdə təşəbbüslər nə qədər çox olarsa, azadlıqlar bir o qədər çox olacaq. Təşəbbüsün ortaya çıxardığı daxili azadlıq duyğusu isə böyük mənalarda cəmiyyətdəki oyun qaydalarından və siyasi sistemlərdən asılıdırsa, onun təməl prinsiplərinin formalaşması ailə institutlarından gəlməlidir. Ailələrdə azad ruh və uşaqlarımıza tanıdığımız azadlıqlar olmasa, həmin uşaqlar azad cəmiyyətdə siyasi şahmatı zər atmaqla oynayacaqlar. Buna görə də, həmin ailədə böyüyən azad insan da olmayacaq. Bu baxımdan valideynlərin özlərinin də azadlıq ruhuna sahib olması çox vacibdir. Yadıma gəlir, “Nobel” mükafatı laureatı Orxan Pamuk 2006-cı ildə Stokholmda(İsveç) “Atamın çantası” adında bir məruzə ilə çıxış etmişdi. Həmin çıxışda müəllif deyirdi:  “Atam mənim həyatımın əzici mərkəzində olmamışdı. Məni azad buraxmışdı.” Bu mətndən də görünür ki, azad övladın uğurlu gələcəyi onun azad buraxılması və onun üzərində valideynlərin əzici imkanlarının olmamasındadır. Demək, biz övladlarımızı azad buraxdıqca, onlar “Nobel” mükafatına daha çox yaxınlaşdırırıq. Bilirəm ki, mənim bu fikrimi hərfi mənada və azadlığın avtomatik pozitiv nəticə doğuracağı mənada anlamadınız.  Lütfən, övladlarınızı azad böyüdün!

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat