“Həbsxana” təcrübəsi

Səadət Cahangir, 23/9/14

Bu yaxınlarda həbsxanaların insan psixologiyasına təsiri ilə bağlı Hamburq Universitetinin apardığı bir araşdırma haqqında oxudum. Demək, 70-ci illərin sonlarında bu məqsədlə bir sıra təcrübələr həyata keçirilib. Əvvəlcə işıq və səsdən təcrid olunmuş,  gündüz və gecənin fərq edilmədiyi otaqlar hazırlanıb. Sonra təcrübə məqsədi ilə insanları çöl ilə heç bir əlaqəsi qalmayan bu otaqlara salıblar… Yekun olaraq təcrübələrin nəticələri alimlər tərəfindən qiymətləndirilib. İnsanların dözüm həddi nə qədərdir? Onlar nə vaxt ağlamağa başlayırlar? Nə zaman yalvarırlar? Nəticədə, təcrübə əksəriyyət insanların şəxsiyyətlərinin yox edilməsinin və ona kənardan “yeni şəxsiyyət maskası geydirilməsinin” mümkün olduğunu ortaya çıxarıb...

Elə bilirəm, yaşadığımız reallıqlar bu təcrübənin nəticələrini anlamaq üçün bizə daha çox dəlil verməlidir. Bəlkə elə ona görə, araşdırma haqqında oxuyanda ağlımdan keçən ilk fikir bu oldu: məgər illərdir bu işgəncə təcrübəsi eyni qaydada davam etmir? Doğrudur, işgəncənin də fərqli formaları var. 70-ci illərdən xeyli zaman keçib və o formaların tətbiqi qaydaları da xeyli “müasirləşib”. Rəsmi məhbus statusu ilə həbsxanada yatanlarla məsələ aydındır. Amma elementar azadlıqların yasaqlandığı bir sistemdə yaşayır və narazılığınızı uca səslə dilə gətirirsinizsə, sizi də rahat buraxmazlar. Elə qapalı təcridxanaya salmadan da insanları mənən əzib canından bezdirmək olar. Arzuolunmaz adam kimi ölkədən didərgin də salına bilərsiniz, pasportunuz əlinizdən alınmaqla ev dustaqlığına məhkum edilə də. Hələ repressiya və həbs təhlükəsi üzündən ölkədən çıxıb qaçmağa məcbur olduğunuz halda, ailə üzvlərinizin girov saxlanmaq təhlükəsi də var.

Dünyanın bugünkü mənzərəsinə nəzər salsanız, böyük bir coğrafi məkan kəsiyində hələ də bu sınaqların heç bir məhdudiyyət qoyulmadan tətbiq olunduğunu görərsiniz. Hələ həbsxanaların günahsız insanlarla aşıb-daşması öz yerində. Totalitar rejimlərin əlindən qaçıb dünyaya səpələnmiş sayı nə qədərdir, kim bilir? Öz ölkəsində ədalət və qanunçuluq mübarizəsi apardığı üçün sürgün yollarında qalan məşhurların siyahısını hara qədər uzatmaq olar?  Yaşadığımız dövrün belə örnək şəxslərindən biri, Uyğur türklərinin lideri Rəbiyə Kadiri xatırlamaq yerinə düşər. Ömrünün çoxunu Çində insan azadlıqlarının qorunması mübarizəsinə həsr edən, az qala bütün ailəsi repressiya olunan cəsur idealist xanımın öz doğulduğu ölkəyə ayaq basması belə yasaqdır indi! İranda Azərbaycan türklərinin haqları uğrunda bir qəhrəmanlıq savaşı vermiş Mahmudəli Çöhrəqanlı da onun kimi! Amma onlar yenə dayanmadan mübarizəyə davam edirlər! Və şübhəsiz ki, bir gün hökmən ədalət qazanmalıdır!

Bəli, işgəncənin fərqli formaları var. Bəzən hətta insan kimi yaşamağın mümkün olmadığı yerdən başınızı götürüb getmək istəyirsinizsə belə, fərq etməz. Əgər adınız qara siyahıdadırsa, elə beləcə qalıb sürünməlisiniz-ev dustağı kimi. Ən yaxşı halda, vətəndaşlıqdan çıxıb birdəfəlik elə getməlisiniz ki, ayağınız daha buralara dəyməsin! Məsələnin məntiqi nəticəsi belədir yəni.

Bəli, işgəncənin belə fərqli formaları var. Amma istənilən təcrübənin məqsədi dözüm həddinizi sınaqdan keçirib, sizi tabe etməkdir. Hara qədər dayana bilərsiniz? Nə zaman əl-qolunuz qırılıb yanınıza düşər və çarəsiz halda təslim olarsınız? Bu sualların cavabı sizdədir, yalnız sizin özünüzdə. Onu da bilməlisiniz ki, heç də hamı bu təcrübə üçün “münbit xammal” sayılmır. Xüsusi bir sağlam qrup var ki, bu sınağa “aqressiv” reaksiya verdiklərinə görə, onların istifadə olunmasına heç cəhd də göstərilmir. Cəhd edildiyi halda belə, nəticənin uğursuzluğu öncədən məlum olur. Sağlam olmaq işgəncə mexanizmini sıradan çıxarmağın əsas şərtdir. Bir qayda olaraq, bütün sınaqlardan da ən güclü müqavimət  sahibləri diri çıxır. Azad dünyanın cizgisini yaratmaq istəyənlər məhz o insanlardır.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat