Azadlıq - qorxunun qənimi

Məhəmməd Talıblı, 1/10/14

İnsan daxilən azad olanda qorxaq olmur. Azadlığın ona verdiyi mənəvi güc qorxunu əhəmiyyətsizləşdirir. Azadlığın ruhi gücü qorxunu üstələyir. Azadlığa qorxu və repressiya ilə üstün gəlmək olmaz. Azadlığı enə bilən güc sevgidir. Amma bununla yanaşı, qorxu altında da heç vaxt sevgi yaranmır. İnsanın birindən qorxaraq ona hörmət etməsi uzun müddət mümkün ola bilməz. Məhz biz qorxudan azad olmaq üçün özümüzə böyük inama və yüksək azadlıq ruhuna sahib olmalıyıq. Azad insan daimi eyni nöqtəyə baxa bilmir və buna vərdiş etməyi də məqbul saymır. O, daim yenilik və dinamika axtarışındadır. Azad ruhlu insan bütün sahələr üzrə bütpərəstlikdən uzaq olur. O, hətta siyasi bütpərəstliyə biət edə bilməz. Azad insan monoton mühitdə darıxar.

Azadlıqdan məhrum olmalar və ya onu əldə edə bilməyən xalqlar üçün bu, heç də azadlığın birdəfəlik tərk edilməsi demək deyildir. Azadlıqda yaşayan insan bir çox hallarda azadlığın dəyərini qiymətləndirə bilmir. Azadlığı itirəndə isə onun gerçək mənasını anlamağa başlayır. Azadlıqdan məhrum olan elə insanlar vardır ki, onlar həbsxana şəraitində belə daxili azadlıqlarını qoruya bilirlər. Həbsxana şəraiti belə onun azadlıqla bağlı düşüncələrinin yenidən çözməsinə və yenidən təftişə yol açır. Azadlıq ehtiyaclarını bir daha qiymətləndirmək  fürsəti əldə edir. Belə qiymətləndirmə təkcə azadlığın yox, həm də həbsxananın ona verdiyi üstünlükləri düşüncə azadlığının aktivinə yazır.  Bununla bağlı Nelson Mandela çox ibrətamiz olaraq deyirdi: “Həbsxanada keçirdiyim 27 ilə borcluyam, çünki o, mənə fikrimi bir yerə cəmləməyə yardım etdi. Azadlığa çıxandan sonra isə bu imkanı itirdim.”  Yəni, Mandela bunu nəzərdə tuturdu ki, müxtəlif kənar işlərə marağı və bir neçə nöqtəyə baxması onun diqqətinin konsentrasiya olunmasına maneçilik yaradır.  Ona görə, diqqətin vahid mərkəzə yönəlməsi düşüncəni daha güclü və təsirli edir.

Azadlıq ideyaları yalnız insan və cəmiyyət üçün spesifik dəyər deyil. Yəni, azadlıq dəyərləri dövlət  tərəfindən müdafiə edilməsi və onun dövlət maşınında necə təmin olunması mexanizmləri vasitəsilə daim diqqət mərkəzində olmalıdır. Qısaca desək, azadlıq ideyalarına münasibət eyni zamanda dövlət idarəçiliyində özünü görsətməlidir. ABŞ demokratiyasının təməl prinsiplərində qeyd olunduğu kimi; dövlət insanlar arasında bağlanmış müqavilələrdən törəyir və o, öz öhdəliklərini yerinə yetirmədikdə devrilə bilər. Əslində, burada toplumun azad formada üsyan etmək haqqına diqqət yetirilir. Demək, insan azadlıqlarından biri də hüququ tapdananda üsyan etmək  azadlığıdır. Əgər cəmiyyətin içindən gələn tələbələri (nidaları) dövlət qulaqardına vurursa, onda insanların üsyan etmək azadlığı qaçılmaz olur.

Azadlığın iqtisadi təminatı.  Azadlıqdan danışanda ilk suallardan biri bu olur: “İqtisadi təminat olmadan azadlıq nəyə lazım?” Azad olan insan təminatlı deyilsə, bu, yarımçıq azadlıqdır.  ABŞ prezidenti 1944-cü ildə Konqresə təqdim etdiyi bildirişdə qeyd edirdi ki, ehtiyac içində yaşayan insan azad deyildir. İqtisadi təminatı olmayan insan asılı insandır. Asılı insan və ya dövlət hər zaman müstəqil seçim azadlığından məhrum olacaq. Gözümüzün qabağında insan azadlıqlarına qlobal mənada sahib çıxan Avropa kimi böyük bir siyasi və iqtisadi məkan Rusiya kimi despot rejimdən enerji asılılığının olması hesabına bir çox hallarda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ehtiyatla və həssaslıqla qərar vermək məcburiyyətində qalır. Ona görə, azadlıqların müdafiəsi iqtisadi təminatla əhatə olunanda daha təsirli və dişli olur. Azadlıq adası ətrafında iqtisadi alətlərlə istehkam çəpəri hörülməyəndə azadlığa geniş təzyiqlər qaçılmaz olur. ABŞ-ın sosialist yazarı Leo Huberman özünün “Sosializm əlifbası” əsərində azadlığı belə xarakterizə edirdi: “Azadlıq təzyiqin olmamasından daha geniş anlayışdır. Azadlıq həyatını dolğun şəkildə yaşamaq deməkdir; kafi bəslənmə, geyim və mənzil sığınacağı məsələsində bədənin ehtiyaclarının qarşılanması üçün iqtisadi imkan, həmçinin ağlın fəaliyyət sahəsini genişləndirmək, şəxsiyyəti inkişaf etdirmək və şəxsiyyətimizi ortaya qoymaq üçün səmərəli fürsət və imkanlara sahib olmaq deməkdir. Halbuki, bəşəriyyətin azadlığı üçün azadlıq haqlarla deyil, çörək, tətil və istirahət etməklə, təhlükəsizliklə ölçülür.”  Demək, azadlıqların təhlükəsizliyi üçün iqtisadi təminatların geniş həcmli və əlçatan olması çox vacibdir. Təhlükəsizliyi təmin olunmayan azadlıqlar təşviqedici və təsiredici ola bilməz. Onun cazibə dairəsində çox az şeylər olacaq. Ona inam və canatmalar ürəkaçan səviyyədə olmayacaq.

-->

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat