Diktator “Baby Dok”un miskin sonu

Səadət Cahangir, 7/10/14

Dünən Haitinin keçmiş diktatoru, məşhur “Baby Dok” ləqəbli Jan Klod  Duvalye 63 yaşında ürək tutmasından vəfat edib.  Duvalye dünyanın ən kasıb ölkəsi olan Haitini 1971-ci ildən 1986-cı ilə, devrilənə kimi idarə edib. Diktator hakimiyyətdən devriləndən sonra sürgündə 25 il yaşayıb, 2011-ci ildə yoxsul və miskin halda ölkəsinə qayıdıb. Duvalye ailəsinin 30 illik hakimiyyətləri dövründə Haitiyə necə dəhşətlər yaşatdığı haqqında illər əvvəl geniş yazı yazmışdım. Oxucular üçün maraqlı olacağını düşünüb mövzuya yenidən qayıtmağa qərar verdim.

1967-ci ildə ingilis rejissoru  Piter Qlenvilin komediyası mövzusunu zalım Haiti  diktatoru Duvalyein ailə macəralarından götürmüşdü. Onun terror rejimi ən azı  30 000 haitilinin ölümü bahasına başa gəlib. Ada 3-cü dünya ölkələri arasında ən qorxuncu olub. Bu qeyri-insani hakimiyyət üzündən Haitinin illərlə dünya ölkələri və qonşuları ilə bütün əlaqələri kəsilib. 1960-cı il Haitinin qəddar məxfi polisi Tonton Makoutesin siyasi dustaqlara verdiyi dəhşətli işgəncələrlə xatırlanır ki, bu, “Haitililərin genosidi” dövrü adlanır . 1964-cü ildə milyonlarla haitilinin idealı olan əfsanəvi futbolçu Jozef Qaetcens Makoutes tərəfindən həbs olundu və öldürüldü. O, Karib körfəzi ölkələrinin ən gözəl futbolçularından biri idi. Jozef ölümüylə 3-cü Dünya ölkələrində diktaturaya qarşı mübarizə simvoluna çevrildi. Futbolçunun Amerika və Haiti vətəndaşlığı vardı və 1950-ci il Dünya çempionatında  ABŞ-ın futbol komandasında oynamışdı. Haitili ananın və belçikalı atanın oğlu olan Qaetcens ABŞ-ın müxtəlif klublarında oynamışdı. 1950-ci il onun üçün əlamətdar idi - ABŞ İngiltərəni 1-0 hesabıyla udaraq müasir futbolda yerini almışdı...

*****

1492-ci ildə Haitini kəşf edən Xristofor Kolumb onu "Dünyanın gözəli" adlandırmışdı. Həqiqətən də, Haiti Latın Amerikası ölkələri arasında xüsusi gözəlliyi, coğrafiyası və  milli ənənələri ilə tamamilə seçilən bir ölkədir. Amma diktatura Haiti cəmiyyətini, iqtisadiyyatını, ekologiyasını və idmanını  darmadağın edib. 1950-ci ildən bəri 2 milyon insan bu ölkədən baş götürüb ABŞ və başqa ölkələrə gedib. Zülmdən qaçan bu insanlar doğma vətənlərini yalnız əyin paltarlarıyla tərk edə biliblər. Ölkənin maraqlı tarixi var. Tarixçı Albert Manqones yazırdı ki, Haiti tarixdə quldarlıqdan birbaşa milli dövlətçiliyə keçən nadir ölkədir. 16-17-ci əsrlərdə ispan ərazisi sayılan bu yer fransızların ən mühüm koloniyası olub. Bu adadan Avropaya qənd, kofe və taxıl ixrac olunurdu. Bu gözəl ölkəni fransızlar “Karib dənizinin incisi” adlandırırdılar. 1790-cı illərin sonunda burada dünyanın ən məşhur qaradərili lideri Toussaint Louverturenin başçılığı altında azadlıq mübarizəsi başlandı. Amma Fransız müstəmləkəçiliyi  100 ildən çox davam etdi və sonra Haiti müasir tarixin ilk “qaradərili” respublikası oldu.  “Müasir Haitinin atası” Jan Jak Dessaline yeni Haiti respublikasının ilk prezidenti seçildi. Təəssüf ki, sonradan ölkə iki yerə parçalandı-bir hissə “imperator” adlanan Henri Kristofer tərəfindən, digər hissə isə bu ölkənin tarixindəki ən böyük siyasətçi Aleksandr Petion tərəfindən tutuldu...

****

Haitinin müasir  tarixi diktatura rejimləriylə əvəzlənərək yazılıb. Amma bunlardan ən qəddarı 50-ci illərə təsadüf edir. 1957-ci ildə ölkənin prezidenti seçilən ixtisasca həkim Frankois Duvalye bəyan etdi: "Mənim hökumətim bütün haitililərin azadlıqda yaşamasına təminat verir".  "Papa Doc" ləqəbli şəxs dövlət başına keçdiyi yaxın müddətdə mütləq hakimiyyət əldə etdi. 1961-ci ildə "Papa Dok" (Ata doktor). Dövlət konstitusiyasını dəyişdirdi  və “Haitinin əbədi prezidenti ” oldu. 1960-70-ci illərdə o, cadugərlik ritualları  ilə dini mövhumatı populyarlaşdırdı. Duvalye diktaturası mətbuat senzurası yaratdı. Onun hakimiyyəti dövründə arvadı Simona Ovide, Haitinin birinci ledisi ölkənin tarixində ən hökmran qadına çevrildi. Diktatorun arvadı Simona korrupsiya və cinayətkarlıq bahasına  nüfuz və güc qazanmağı bacardı.

1964-cü ildə Francois Duvalye milli bayrağı dəyişdi. Bayraq üçün qara və qırmızı rəng seçildi. Anqola bayrağına bənzər qara rəng  vətənpərvər Francos Toussaint Louverturenin və Haiti xalqının simvolu idi.  Qırmızı rəng isə ölkənin müstəqilliyini simvolizə edirdi. Ancaq 1803-cü ildən qəbul olunmuş bayraq 1986-cı ildə yeni hökumətin qərarı ilə yığışdırıldı.

1971-ci ildə Duvalyein ölümündən sonra hakimiyyət onun oğlu, dünyada “Baby Doc” (Bala doktor)  kimi tanınan Jan Klod Duvalyeə keçdi.  Hüquq təhsili alan və siyasətə heç bir maraq göstərməyən oğul 17 yaşında zorən hakimiyyət başına gətirildi. Lakin o, prezidentlik işlərini böyük bacısına, inzibati işləri isə anasına həvalə etməklə, kefcil həyat sürməyə və yalnız mərasimlərdə iştirak etməyə üstünlük verdi.

“Baby Doc” da atası kimi diktator idi. Haiti dəmir əllə idarə olunurdu.   Bir çox müxalifət lideri həbs olundu, minlərlə haitili ölkəni tərk etdi. Korrupsiya hökumətin bütün səviyyələrini bürüdü. Səhiyyə sistemi Amerika üzrə ən pis vəziyyətdə idi. Haitinin uzunmüddətli diktatoru “Baby doc”  aristokrat Mikelli Bennetlə evləndi. Üç ay keçməmiş ölkənin birinci ledisi olan böyük gücə malik Mikelli öz mulat həmyerlilərini diktatura hakimiyyətində vəzifələrə yerləşdirməyə başladı. Sonra onun “xahişi” ilə hər şeyin içində olan “Baby”nin ilhamverici anası ölkədən qovuldu. Hakimiyyətini möhkəmləndirən Jan Klod  israrla islahatlar aparmaqdan imtina etdi. 1986-cı ildə  onun əleyhinə aksiyalar başlandı, paytaxtı etiraz dalğası bürüdü.  Yenə çoxlu qətllər, yaralılar və həbslər… Amma  iflasa uğrayan Duvalye rejiminin sonu çatdı... Ölkədən qaçaraq Fransaya yerləşən “Baby” arvadından ayrıldıqdan sonra haitililərin qanı hesabına topladığı milyardlardan məhrum oldu. Dəfələrlə ölkəsinə qayıtmaq cəhdləri uğursuzluqla nəticələnən diktator məhkəmə qarşısına çıxarılacağından qorxaraq elə sürgündə qalmağa üstünlük verdi. 1987-ci ildə yeni konstitusiya əvvəlki rejim tərəfindən qadağan olunan bir sıra hüquqları bərpa etdi.

Amma diktaturanın zərbələri elə böyük idi ki, Haitinin dağılmış siyasi həyatında ahəng yaratmaq asan olmadı. Rejimlər bir-birini əvəzlədi, Duvalye rejiminin yaratdığı cəhənnəm əzabı illərlə davam etdi. Ölkədə yalnız 1996-cı ildə demokratik seçki keçirmək mümkün oldu və  Rene Preval Haitinin yeni prezidenti seçildi. O, ölkənin 200 illik tarixində demokratik yolla seçilmiş ikinci prezident sayılır. O vaxtdan bəri Haiti  3-cü Dünya ölkələri sırasında demokratik yolla inkişaf etməklə irəliləməyə başlayıb. Lakin diktatura rejimlərinin ölkəyə vurduğu zərbələrin sağalması üçün hələ illər tələb olunur…

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat