Neftin proqnozunun mürəkkəbliyi

Məhəmməd Talıblı, 16/10/14

Gün ərzində müxtəlif media qurumları fərqli mövzularda müsahibə və şərhlər üçün müraciət edirlər. Mətbuatda işləyən dəyərli dostlarımızın verdiyi həmin sualların bir neçə cümlə ilə lakonik cavablandırılması bəzən ürəyimizcə olmur. Vaxt azlığı və telefonda verilən spontan cavablar çox zaman əhatəli alınmır. Çünki həmin mövzular bəzən hərtərəfli, təfsilatlı və daha detallı münasibət tələb edir. Həmin mövzulardan biri də dünyada neftin dəyişən qiyməti və onun ölkə iqtisadiyyatına təsiri ilə bağlıdır. Bu təhlil yazısını yazmaq zərurəti məhz qeyd etdiyim həmin ehtiyacdan yarandı.

Neftin dünyada qiymətinin dəyişməsi haqqında danışmağımız və ona həssaslıqla reaksiyamız onun ölkə iqtisadiyyatında oynadığı rolla bağlıdır.  Yəqin razılaşarsınız ki, neft kimi digər resurs üstünlüyü olan ölkələr də var və onlar daha çox qazın, kömürün, qızılın və s. qiymətinin onların ziyanına dəyişməsindən narahatdırlar. Ona görə ki, kim nədən fayda və ya zərər görmək riski ilə qarşılaşırsa, o haqda da düşünür. Amma nəzərə alaq ki, neftin digər resurslardan özünəməxsus üstünlüyü var və  o, bir enerji növü olaraq universal istifadə keyfiyyətinə malikdir. Başqa sözlə, ondan hamı istifadə etmək məcburiyyətindədir və onu hər yerdə “görmək” olur.

Ötən həftə ABŞ-ın Energetika Nazirliyi neftin yaxın və uzaq dövrü ilə bağlı özünün proqnozlarını açıqlayıb. Nazirliyin ekspertləri hesab edirlər ki, neftin qiyməti 2015-ci ildə indiki həddə olan 100 dollardan əvvəlcə 80 dollara, daha sonra isə 70 dollara qədər düşə bilər. Nisbətən yaxın dövr hesab olunan 2020-ci ildə isə neftin bir bareli 155 dollar, 2040-cı ildə isə 237 dollara qədər artacaq. Azərbaycan üçün maraqlı olan məlumat isə ondan ibarətdir ki,  brend markalı neftin qiyməti isə 2016-cı ildə 96 dollar, 2040-cı ildə isə 163 dollara qədər yüksələcək. Ona görə də, həm dünyada bu qiymət artımına səbəb olan səbəblər, həm də ölkə iqtisadiyyatına hansı kanallarla ötürülməsi haqqında düşünməliyik.

Təbii ki, dünyadakı neftin qiymətinin dəyişməsi təkcə iqtisadi proseslərin təsiri altında baş vermir. Bazarda qeyri-iqtisadi faktorlar mühüm rol oynadığı üçün bazarın konyukturasından danışmaq məcburiyyətində qalırıq. Onu qeyd edim ki, dəyişən zamanlarda neftin qiyməti də sürətlə dəyişir. Əgər 30 il bundan öncə dünyada brend markalı neftin qiyməti 5 ildə cəmi 8-9 dəyişirdisə (ortalama olaraq ildə 2 dollar), indi hətta bəzi illər olur ki, 8-10 dollar ortalama olaraq dəyişikliklər baş verir.

Amma indiki şərtlər altında neftin qiymətinə mühüm təsir göstərən dünyada valyuta bazarındakı avro-dollar münasibətləri, hasilat həcmində baş verən dəyişiklikləri göstərmək olar. Xüsusilə, ABŞ-ın verdiyi sensasiyalı qərar bazarı silkələdi. Söhbət neftin qiymətinə psixoloji təsir göstərən ABŞ-ın özünün neft hasilatına start verməsi oldu. Hətta bu açıqlamadan sonra bununla bağlı Konqres  qərar verdi. Bunu ona görə psixoloji faktor hesab etmək lazımdır ki, həmin hasil olunacaq neftin maddi dəyəri bazar təklifinə təsir etməyib. Sadəcə, bu qərar və ya anonsun özü neft bazarında dalğalanma yaradıb. Treyderlər neftlərini satmağa tələsirlər. Necə deyərlər, kimsə “öküz” metodu ilə bazarda “uzanaraq” qiymətin əlverişli həddə qədər dəyişərək məhsullarını satmağı gözləmir. Nəzərə alanda ki, ABŞ dünyada neftin 1\3-i özünün məcmu tələbinin ödənməsi məqsədilə alır, onda bu qərarın bazar qiymətinə hansı səviyyədə təsirini bilmək olar. Ümumi götürdükdə isə yaxın və uzaq dövrdə neft hasilatının artması, alternativ enerji mənbələrinə çıxış imkanları və s. neftin qiymətinə təsirsiz ötüşməyəcək. Dünya Bankının hesablamalarına görə, 2014-cü ildə dünyadakı sutkalıq hasilat səviyyəsi növbəti il artaraq 92,7 min barelə çatacaq.

Ümumilikdə isə, neftin qiymət səviyyəsinə çoxsaylı amillər təsir edir. Başqa sözlə, qiymət dəyişikliyini dünya üzrə neft tələbi və hasilat səviyyəsi, siyasi(müharibə) kataklizmlərin rolu, OPEK-in neft siyasəti, OPEK-dən kənar neft hasilatı, mövsümü amillər, psixoloji faktor və treyderlərin davranışları şərtləndirir. Ona görə, neftin proqnozu haqqında düşünəndə bütün faktorların bir xətt üzərində düzüldüyünü düşünmək yanlışdır. Trendin dəyişməsi əyrixətli trayektoriyadır. Bu isə iqtisadi və qeyri-iqtisadi faktorların çulğalaşması deməkdir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat