Kosmopolit kimlik. Biz haradayıq və ya konservativ/ənənəyə sadiq insanların yeni əsassız qorxusu?
Ayxan Nəsibli, 19/08/08
Qloballaşma prosesinin inkişafı sayəsində milli dövlət formulunun təkamülü ilə eyni vaxtda gedən iki prosesi müşahidə etmək mümkündür. Onlardan birincisini mərkəzsizləşdirmə və ya lokallaşdırma adlandıra bilərik ki, müəyyənləşdirilmiş məsələlərdə dəyişiklik səlahiyyətinə malik mərkəzi hökumətdən kənar müstəqil idarəedici orqanın yaranması ilə nəticələnir. O biri isə milli və ya qlobal platformalar adlandırıla bilər ki, müxtəlif beynəlxalq mütəxəssisləri hamının maraqlarına ən uyğun təxirəsalınmaz siyasi strategiyalar hazırlamaq üçün bir araya gətirir.
Bir zamanların “Qlobal səviyyədə düşün, yerli səviyyədə fəaliyyət göstər” deyimi indi anlamını “həm qlobal düşün, həm qlobal səviyyədə fəaliyyət göstər” kimi dəyişmişdir. Dünya dramatik şəkildə “kiçildiyinə” görə, yerində baş verən bir hadisə mənfi və ya müsbət dərəcədə dünyanın başqa bir hissəsinə də təsir göstərə bilər.
Bu məqamda, gəlin sizin diqqətinizi qloballaşma prosesinə yönəldim. Bu məqalənin məqsədi qloballaşma prosesini müəyyənləşdirmək deyil, amma qloballaşmanın kəmiyyət və keyfiyyət adlanan iki dalğasını da qeyd etməyə bilmərəm. Kəmiyyət əsasən malların axını, xidmətlər, kapital, insanlar, texnologiya, sərmayə və başqa ölçülən və müqayisəolunan transmilli məsələlərə aid edilir. Ancaq keyfiyyətin beynəlxalq kimlik, dəyərlər, mədəniyyət, inanclar, xəbərlər, ideyalar və bizim asılı olduğumuz başqa məsələlərə ölçü və müqayisədən daha çox aidiyyatı var. Kosmopolitizm bu halda qlobal kimliyin (şəxsiyyətin) və ya qlobal vətəndaşlığın əsil formulası olardı ki, bunun izahı aşağıda veriləcək.
Bu məqalənin məqsədi qloballaşma prosesinin bizim kimliyimizin transformasiyasında oynadığı katalizator rolunu göstərməkdir. Beləliklə, bizim onilliklərlə daşıdığımız köhnə kimliyimizi dəyişmək üçün nələr edilməlidir?
Avropada Vestfaliya sazişi ilə(1648) biz dini dövlətdən qopardıqdan və ayırdıqdan sonra dünyəvi hakimiyyət və milli dövlətlər hərtərəfli şəkildə inkişaf etməyə başladı. İnsanların milli dövlət adı və ya məskunlaşdıqları coğrafiyada öz kimliklərini təyin etməyə başlaması ilə bu, iki əsr vaxt apardı. Demək olar ki, heç bir kommunikasiya (müharibə istisna edilməklə), ticarət və geniş texnologiyanın olmadığı Sənaye İnqilabına qədər hər hansı transmilli fəaliyyət və ya qlobal kimlik haqqında danışmaq absurd olardı.
Lakin bu, zamanla tədricən dəyişməyə başladı ki, İkinci Dünya müharibəsindən sonra regional inteqrasiyanın nəticəsi bazar sistemi və ardınca Şərq-Qərb bölgüsünün aradan qalxması ilə o prosesin ani keçid dövrü oldu.
Qlobal kimlik və ya kosmopolitizmin dəqiq başlanğıc nöqtəsini göstərmək həqiqiətən çətin olardı. Ancaq biz Qədim Yunan tarixinə nəzər salsaq, görə bilərik ki, bu konsepsiya bizim eramızdan əvvəl 5-ci əsr Kinik fəlsəfi hərəkatından gəlir. Anlamı iki sözlə ifadə olunur: “kosmos” və “polis”.
Kosmopolitizm fərdi kimlik kimi, klassik liberal kimliyin böyük çətirinin bir hissəsi olaraq milli hüdudları aşıb keçir və dünyəvi prinsip və konsepsiyaları qəbul edir. Bu, həqiqi anlamda bütün insanların ümumi birgə mənəvi cəmiyyətdə bir araya gəlməsi deməkdir. Bunlar yalnız bizim fərdi azadlıqlar, insan hüquqları və demokratik sistemə riayət olunan, hamının mənafeyi naminə fəaliyyət göstərən bir mühit yaratmağa can atdığımız zaman əldə olunur.
Hətta qloballaşma prosesində biz beynəlxalq səhnənin müxtəlif “oyunçuları”nın rəhbərliyi altında bu prosesin mənfi nəticələrini bölüşsək belə, bu, çox əhəmiyyətli olur. Beynəlxaq cinayətkarlıq, nasionalizm, radikal din, qeyri-qanuni ticarət və terrorizm kimi ümumi təhlükə və çətinliklər kosmopolit mövqedən ümumi dəyərləri bölüşməklə birgə cavab tədbiləri tələb edir.
Bütün bu deyilənlərdən müşahidə edə bilərik ki, Qərb (Şimali Amerika və Qərbi Avropa) dünyanın qalan hissəsi ilə müqayisədə necə sürətlə inkişaf edib. Bu uğurun yeganə səbəbi həqiqi anlamda tolerant, yenilikçi və kosmopolit olmaqdır.
Biz kosmopolitizmi həmçinin müxtəlif prinsiplər əsasında xarakterizə edirik: fəal vətəndaşlıq, universal bərabərlik və azadlıq, aktlardan irəli gələn fərdi məsuliyyət, qərar qəbul olunmasında və icrasında razılıq, qrup işi və ya başqalarının hesabına həyat sürməmək və başqalarına ciddi ziyan vurmaqdan çəkinmək.
Qeyd edilənlərdən əlavə, regional inteqrasiya və beynəlxalq cəmiyyətin müxtəlif təmsilçiləri üçün ümumi platformaların yaradılması bir nümunədir ki, ümumi birgə sınanmış dəyərlər bizi dünyəvi institutlar və siyasi strategiyalar müəyyənləşdirmək istiqamətində necə hərəkətə gətirə bilər. Dünyanın bu hissəsində xüsusi məsələlərdə regional ölkələrin regional inteqrasiyası qloballaşmanın necə baş verdiyini ən gözəl şəkildə əks etdirərdi (sıçrayış effekti).
İndi biz dünya ictimaiyyətinin təhlükəsizliyi və inkişafı naminə, fərdlərin qəlbini və düşüncələrini fəth etmək yolu ilə, beynəlxalq hüququn yerli hüquqlardan üstün tutulmasına nail olmaqla yalnız kosmopolit baxışları dəstəkləməli və ona riayət etməliyik. Bu, milli ölkələrdə qanunvericiliyə və inzibatçılığa müdaxilə etmədən qanunun aliliyini gətirir ki, beləliklə, qanunçuluq əsasında fərdlərin azadlığına üstünlük verilir və məhkəmə orqanı müstəqilləşir. Universallıq önəm veriləcək ən mühüm məsələdir.
Milli kimlik etnik və ya hüdudlanmış əsasda təsnif oluna bilər. Onlar iqtisadi protektionizmə görə azad ticarətdən qorxur və çoxtərəfli institutlara qətiyyən inanmırlar. Açıq sərhədlər, asan gediş-gəliş, çoxlu dillər bilmək və beynəlxalq cəmiyyətdə işləmək bacarığı bizim kosmopolitizmə inamımızı irəli aparan vasitə ola bilər və müxtəlif məsələlərdə inkişaf səviyyəmizi yüksəldər.
Kosmopolit kimlikdən uzaq dayanmağa əsas verən heç bir dolaşıq və qorxulu hərəkət yoxdur. Bu, ümumi kimliyin və ən sərfəli şəkildə dünyəvi dəyərlərin xeyrinə olan məqsədlərə nail olunması istiqamətində fəaliyyət göstərməyə çağırışdır. Fukuyama özünün “Tarixin sonu” əsərində izah etməyə çalışırdı ki, bütün ideoloji mübarizələr sona çatıb və ümumi yol liberalizm ideyası və müxtəlif məsələlərdə onun qavranılmasına doğru gedir. Baxmayaraq, Soyuq müharibə dövründə olduğu kimi, indinin özündə də bir sıra ölkələrin “rəhbərləri” dövlətlər arasında uçurum yaratmağa çalışırlar, bu, o anlama gəlmir ki, onlar öz vətəndaşlarının razılığı əsasında hərəkət edirlər. Əksinə, bu həmin dövlətin uğursuzluğudur ki, ölkəni avtoritarizmə aparır. Bu halda, əsas çıxış yolu fərdi azadlıqları və beləliklə, kosmopolitizmi zəiflədən dövlət siyasətlərindən sui-istifadəyə son qoyulmasıdır.
Hətta daha çox bazar yönümlü nəzəriyyəçilər, məsələn, K. Ohmae 1995-ci ildə milli dövlətlərə münasibətdə bazarların rolu və hakimiyyəti məsələsini qaldırmış və ona yüksək önəm verməklə “milli dövlətlərə son qoymağa” çağırmışdı.
Biz Beynəlxalaq tənəzzül və qitədə millətçilik əhval-ruhiyyəsinin səbəb olduğu iki viranedici Dünya müharibəsini görmüşük. Görünür ki, biz dünyəvi dəyərləri bütün ölkələrə yaymaqda gecikirik. Kosmopolitizm müəyyən şəxslərə mürəkkəb bir proses kimi görünə bilər, amma əslində bunun “dünya vətəndaşlığı” üçün işləyən konsepsiya olaraq dərk edilməsi kifayət qədər sadədir.


