Gürcüstanda sabitliyin Azərbaycan üçün iqtisadi əhəmiyyəti
Fariz Hüseynov, 20/08/08
7-15 avqust tarixlərində Gürcüstan və Rusiya arasında baş verən müharibə Qafqazda uzunmüddətli siyasi sabitliyi pozdu. Bir ölkənin iqtisadi inkisafı həm onun, həm də qonşularının iqtisadi-siyasi sabitliyi ilə bağlıdır. Gürcüstanda cərəyan edən hadisələrin Azərbaycana təsirini şərh edənləri iki əsas qrupa bölmək olar - reaksiyanın az olduğunu iddia edənlər və reaksiyanın kifayət qədər olduğunu bildirənlər. Hər iki qrup öz mövqeyini iqtisadi və siyasi amillərlə əsaslandırır. Bu fikirləri müqayisə edəndə belə bir sual yaranır ki, ümumiyyətlə, yaxın müttəfiqimiz və qonşumuz olan Gürcüstan ölkəmiz üçün nə dərəcədə əhəmiyyət daşıyır. Yazının müəllifi ölkə rəhbərliyinin siyasi mövqeyinin yetərli olmadığını düşünsə də, bu yazının əsas məqsədi Gürcüstanın iqtisadi baxımdan ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu göstərməkdir.
Sirr deyil ki, Azərbaycan iqtisadiyyatının əsasını neft-qaz hasılatı və ixracı təşkil edir. 2007-ci ildə ümumi daxili məhsulun 53 faizi, sənaye istehsalının təxminən 80 faizi və xarici ticarətin 82 faizi neft və qaz hasilatı və neft məhsulları emalı sahəsinin payına düşmüşdür. Neft və qaz sənayesinin istehsalının böyük hissəsinin ixrac edilməsi ölkə iqtisadiyyatının xarici tələbdən və ixracdan asılı olduğunu göstərir. Bu baxımdan neft və qaz məhsullarının ixrac marşrutu xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan yerləşdiyi coğrafiya baxımından nə qədər üstün şərtlərə sahib olsa da, siyasi və tarixi hadisələr nəticəsində bu fürsətlərdən tam yararlana bilmir. Gürcüstanın ölkə iqtisadiyyatı üçün əhəmiyyəti elə bu səbəbdən irəli gəlir, çünki Azərbaycan neft və qaz ixracında qonşuları arasında sadəcə Gürcüstandan səmərəli istifadə edə bilir. Qərb ölkələri ilə, əsasən də ABŞ-la münasibətləri nəzərə alsaq, İranın alternativ marşrut olma ehtimalı çox azalır. ABŞ-da yeni seçiləcək hökümət və onun İranla olan münasibətlərinda dəyişiklik yaranarsa, Azərbaycanın neft və qaz məhsullarının İran ərazisindən ixrac olunması ehtimalı arta bilər, ancaq, dediyimiz kimi, bu, çox zəif ve uzun müddətə hesablanmış ehtimaldır. Ermənistanın yaxın və uzaq gələcəkdə belə bir rol oynamayacağından əminik. Rusiyanın alternativ ölkə olaraq seçilməməsi Gürcüstanın yeganə marşrut olması ilə birbaşa əlaqəlidir. Azərbaycanın neft strategiyasında Qərbin, əsasən də, ABŞ-ın dəstəyini almaq çox əhəmiyyətlidir. Bu baxımdan neft strategiyasının uğuru Qərbin neft və qaz idxalında Rusiyadan asılılığın azalma siyasəti ilə sıx bağlıdır. Deməli, ölkəmizin neft strategiyasının uğur qazanması və neftə əsaslanan qısa və orta müddətli inkişafında Gürcüstan həm yeganə fürsət-marşrut, həm də “Axillesin dabanı” rolunu oynayır. Bu asılılığı mübaliğə ilə belə ifadə etmək olar: “ Gürcüstan asqırsa, biz qrip olarıq”.
Neft və qaz strategiyamızda Gürcüstan bizə nə vəd edir? Gürcüstan ərazisindən neft və qaz ixracı BTC boru xətti (800 min-1 milyon barel/gün), Cənubi Qafqaz qaz xətti (800 million m3) və Bakı-Supsa boru xətti, Bakı-Batumi və Baki-Kulevi dəmiryolu ilə həyata kecirilə bilər. 2008-ci ilin ortasından etibarən isə Dövlət Neft Şirkəti Gürcüstanda satın aldığı Kulevi limanının açılışını edərək, Azərbaycan neftinin Qara dəniz vasitəsilə Avropaya ixrac imkanını gərçəkləşdirdi. Bu əslində həm Ukrayna, həm də Şərqi Avropaya (əsasən Polşaya) neft ixracına doğru atılan bir addım idi. Açıq-aşkar görünür ki, Azərbaycan nə qədər həssas variant olsa da, artıq öz seçimini etmişdir. Onun neft gəlirləri Gürcüstandakı vəziyyətlə birbaşa və geriyə dönməz şəkildə bağlıdır. Gürcüstanda hər hansı bir qeyri-sabitlik bu neft gəlirlərini şübhə altına alır. Azərbaycan neft-qaz ixracında bu şərtlərdə başqa yol seçə bilməz. BTC və Cənubi Qafqaz qaz kəmərinin həm rentabelliyini artırmaq, həm də Gürcüstanda baş verəcək hər hansı bir hadisənin mümkün risklərini paylaşmaq və beləliklə, bu hadisələrə sərt reaksiya verilməsi ehtimalını artırmaq üçün Azərbaycan müxtəlif ölkələri bu layihələrə qoşmalıdır. Bu baxımdan Qazaxıstan neftinin və Türkmənistan qazının Azərbaycan üzərindən nəqli layihələri, Avropanın Rusiyadan asılılığını azaltmaq məqsədi güdən Nabucco layihəsi də bu məqsədlə atılan addımlardır. Bu layihə baş tutarsa, Gürcüstandakı siyasi-iqtisadi sabitliyin qorunmasında həm neft-qaz idxal edən Qərbi və Şərqi Avropa, ABŞ və İsrail, həm də onu ixrac edən Azərbaycan, Qazaxıstan və Türkmənistan maraqlı olacaq. Eyni zamanda, Azərbaycanın Gürcüstanda Rusiyapərəst olmayan hökümət ilə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir və bəzilərinin iddia etdiyi kimi, sırf Gürcüstana deyil, daha çox öz maraqlarımıza xidmət edir. Gürcüstanda mümkün Rusiyapərəst hökümət BTC-nin alternativ olma gücünü azaldacaqdır.
Gürcüstanın bir başqa əhəmiyyəti Azərbaycan üçün investisiya məkanı olmasıdır. Azərbaycan Gürcüstanda ən çox investisiya qoyan MDB ölkəsidir. 2000-2006-cı illərdə Azərbaycan Gürcüstanda təxminən 300 milyon dollar investisiya yatırmışdır. MDB ölkələri arasında Qazaxıstan da Gürcüstana investisiya qoyuluşu ilə diqqət çəkir, ancaq Qazaxıstandan fərqli olaraq Azərbaycan öz investisiyasını neft-qaz sektorunda cəmləşdirib. Buraya yuxarıda qeyd etdiyimiz Kulevi terminalı da daxildir. 2006-cı ildə terminalı satın alan Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) bildirdiyinə görə, 2008-ci ilin may ayına qədər terminala 300 milyon dollar investisiya yatırımı edilmişdir. Kulevi limanı Azərbaycan neft və qazının Avropaya ixrac edilməsi üçün xüsusi əhəmiyyət daşıyır. ADNŞ bu limandan ilk ildə 5 milyon ton, sonrakı illərdə isə 10-20 milyon tona yaxın neft ixrac etməyi planlaşdırır. Sonrakı illərdə Azərbaycan Gürcüstan ərazisində qaz anbarı inşa etməyi də planlaşdırır. Gürcüstandakı siyasi-iqtisadi sabitliyin pozulması qoyulan investisiyalara ziyan vurulmasına gətirib çıxara bilər.
Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından sayılır. Azərbaycanın MDB ölkələrinə ümumi ixracının 30 faizi Gürcüstanın payına düşür. Dünya ölkələri arasında Gürcüstan Azərbaycanın 7-ci, MDB ölkələri arasında isə Rusiyadan sonra ikinci böyük tərəfdaşıdır. Deməli, Gürcüstan həm də ölkəmiz üçün geniş mal və xidmət bazarıdır. 2007-ci ildə Azərbaycan Gürcüstana 382 milyon dollar ixrac etmişdir ki, bu Gürcüstanın ümumi idxalının 7.3%-ni təşkil edir. Gürcüstanın ölkələr üzrə idxal həcminə görə Azərbaycan 5-ci yerdədir. Azərbaycanın Gürcüstana ixracının əsasını (70%) neft və təbii qaz ixracı təşkil edir. Müqayisə üçün deyək ki, Azərbaycan Gürcüstandan 2007-ci ildə 137.5 milyon dollar mal idxal etmişdir. Əsas idxal malları sement və özüyeriyən maşınlar olmuşdur. Gürcüstanın sement ixracının 94 faizi Azərbaycanla bağlı olmuşdur.
İndi isə Rusiya hökümətinin Gürcüstana hücumu nəticəsində ölkəmizə dəyən ziyanı hesablamağa çalışaq. Buna Azərbaycan üçün Gürcüstanda mümkün siyasi-iqtisadi sabitliyin pozulmasının qiyməti olaraq da baxmaq olar. Əsas neft daşıyıcısı olan BTC münaqişələrdən bir neçə gün əvvəl 5 avqust taxirində PKK terrorçuları tərəfindən partladılmışdı. Hadisədə Rusiyanı günahlandıranlar da az olmadığına görə, bu partlayışı bölgədə qeyri-sabitliyin nəticəsi kimi də görmək olar. BP şirkətinin açıqlamasını nəzər alsaq, boru kəmərinin təmiri avqustun 20-dən tez qurtarmayacaq. Əgər nəzərə alsaq ki, BTC ilə gündə orta hesabla 800 min barel neft ixrac edilirdi və neftin qiymətini orta 115 USD/barel olaraq götürsək, deməli hər günə 92 milyon dollar gəlir itkisi hesablamaq olar. On beş günlük gəlir itkisi isə 1.4 mlrd dollar olaraq hesablana bilər. BP partlayış nəticəsində neft hasılatını 60-70 faiz azaltmışdır. Alternativ olaraq seçilən Bakı-Batumi marşrutu ilə avqustun 17-də Gürcüstan ərazisindəki strateji körpü partladılana qədər gündə orta hesabla 50-70 min barel neft daşınırdı. Partlayış neft ixracını azaltmayacaq, körpü təmir edilənə qədər Batumidə ehtiyat neft tankerlərə yüklənəcək. Deməli, BTC istifadəyə verilənə qədər Bakı-Batumi marşrutu ilə az miqdarda neft ixrac edilə bilər. Digər alternativlərdən Bakı-Supsa kəməri kəməri müxtəlif səbəblərdən istifadə edilmir. Bakı-Novorossiysk kəməri ilə bağlı verilən açıqlamalar isə birmənalı deyil. Bəzi mənbələrə görə bu kəmərlə neft ixrac edilir, bəzi mənbələr isə bunu inkar edir. Türkiyə tərəfinin açıqlamalarına görə BTC-nin təmir işləri yaxın günlərdə sona çatacaq. Kobud hesablama olsa da (dəqiq rəqəmləri əldə etmək çətin olduğuna görə), ümumi gəlir itkisi təxminən 1 mlrd. dollar olmuşdur. Təbii ki, burada əlavə xərclər nəzərə alınmayıb. Eyni zamanda, neftin qiyməti artarsa, partlayışdan sonra daha yüksək satış qiyməti əldə oluna bilər ki, bu da gəlirləri artıra bilər. Təbii qazın ixracı və mümkün gəlir itkisi ilə bağlı dəqiq informasiya əldə olunmadığından həmin nəticələr nəzərə alınmayıb.
Beləliklə, Gürcüstan və Azərbaycan cari siyasi-iqtisadi və tarixi mühitdə bir-birinə möhtac olduğu qədər də, sıx bağlıdır. Bu ölkələrdən birinin digərində gedən siyasi-ictimai hadisələrə qarşı laqeyd münasibət göstərməsi onun iqtisadi inkişafına bilavasitə mənfi təsir göstərər. Ona görə də, Azərbaycan höküməti ictimai-siyasi cəhətdən sabit və demokratik Gürcüstanın qurulmasında maraqlı olmalıdır. Hətta irəli gedərək, onu demək lazımdır ki, bu ölkələrdən biri digərində əmin-amanlığın qarantı olmalıdır. Əks-təqdirdə, hər iki ölkənin iqtisadiyyatı çox böyük zərər görə bilər.



