Büdcə Yeyənlər və ya Büdcədən Yeyənlər
Şəbnəm Bəkirzadə, 26/08/08
Azərbaycanın müstəqillik qazandığı 15 ilin son beş illik dövlət büdcəsi gəlirlərinin kəskin artımı ilə yadda qaldı. Belə ki, 2003-2007-ci illərdə büdcə gəlirləri 4,7 dəfə (4,6 mlrd. manat) artmaqla təxminən 1,2 mlrd. manatdan 5,8 mlrd. manata çatmışdı. Heç şübhəsiz, büdcənin bu cür sıçrayışlı artımının başlıca səbəbi neft faktorunun iqtisadiyyatda dominant rol qazanması ilə bağlıdır. Yalnız onu demək kifayətdir ki, neft sektorunun ÜDM-də payı son 4 ildə 31 faizdən 54 faizə yüksəlmişdir. Özü də bu, ÜDM-nin müqayisəli qiymətlərlə təxminən 2,5 dəfə genişləndiyi (7,3 mlrd. manatdan 17,7 mlrd. manata) bir dövrdə baş verib.
Göstərilən dövrdə neftin dünya bazar qiymətinin orta məbləği təqribən 2,3 dəfə artaraq, 2003-cü ildə 27,3 dollardan 2006-cı ildə 61,5 dollara çatmışdır. Bunun nəticəsində büdcə proqnozlarının tərtibi zamanı hökumətin neftin hər barel hesabı ilə istifadə etdiyi göstərici 20 dollardan 40 dollaradək artırılmışdır.
Müxtəlif qiymətləndirmələrə görə, 2003-2006-cı illərdə Azərbaycanın dövlət büdcəsində neft gəlirlərinin payı 2003-cü ildəki 35 faizdən, yaxud 450 mln. manatdan, 2006-cı ildə 65 faizə və ya 2,5 mlrd. manata çatmışdır. Yəni 4 il ərzində büdcənin neftdən gələn qazancı 2,1 mlrd. manat çoxalıb. Ümumilikdə isə, 2003-2006-cı illərdə dövlət büdcəsi gəlirlərinin 2,7 mlrd. manat artdığını nəzərə alsaq, bu artımın 79 faizinin məhz neft gəlirlərinin genişlənməsi hesabına baş verdiyi aydınlaşır.
Deməli, Azərbaycan iqtisadiyyatında neft sektorunun payı ildən-ilə artırılmaqdadır. Beləliklə, neftin ÜDM-də və büdcədə payı da ildən-ilə yüksəlir. Ona görə də, bu istiqamətdə Azərbaycan Respublikası Dövlət Neft Fondundan(ARDNF) olan transferlər(köçürmələr) 2 dəfəyədək artırılıb. Dolayısı ilə həm neft sektorundan, həm də ARDNF-dən transferlər kifayət qədər yüksəldilmişdir. 2003-2007-ci illərdə dövlət büdcəsinin ümumi artımlarının 485 mln. manatı və ya 10,6 faiz-i transferlərin payına düşüb. Təhlil aparılan dövrdə ARDNF-dən dövlət büdcəsinə ayırmaların həcmi 5 dəfədən çox artıb, həmin vəsaitlərin məcmu büdcə gəlirlərində xüsusi çəkisi 1,9 bənd artırılaraq 10,1 faizə çatıb.
Neft sektorunun büdcədə xüsusi çəkisinin azaldılması və Neft Fondundan transferlərin limitləşdirilməsi bu gün yeganə çıxış yolu kimi görünməkdədir.
Orta müddətli dövr üçün büdcə xərclərinin retrospektiv təhlili göstərir ki, son 5 il ərzində büdcənin xərc prioritetləri kifayət qədər ciddi dəyişikliklərə məruz qalıb. Xərc prioritetlərinin dəyişilməsi özünü ilk növbədə aşağıdakılarda göstərir:
1) Büdcənin sosial çəkisi azalıb, əvəzində investisiya tutumluluğu artıb. Əgər 2003-cü ildə büdcənin sosial blokunu təşkil edən 4 sahə - təhsil, sosal müdafiə və təminat, səhiyyə, mədəniyyət və incəsənət sferaları üzrə xərclərin hamısının birlikdə büdcə xərclərində payı 43 faiz təşkil edirdisə, 2007-ci ilin proqnozlarına görə, həmin göstərici 27,7 faizə enib. Lakin həmin müddətdə, investisiya yönümlü xərclərin büdcədə xüsusi çəkisi 7,9 faizdən 31 faizə çatıb. Göründüyü kimi, büdcənin sosial istiqamətini təşkil edən 4 iri sferaya ayrılan vəsaitlərin məcmusu investisya xərclərindən xeyli azdır;
2) Ölkənin müdafiəsi ilə bağlı xərclər büdcənin iki əsas prioritetindən birinə çevrilib. 2003-cü ildə müdafiə xərclərinin büdcədə payı 10,7 faiz idi. Bu göstəricinin səviyyəsinə görə müdafiə xərcləri həmin dövrdə ümumdövlət xidməti xərclərindən (11,2%), təhsil xərclərindən (18,9%), sosial müdafiə və təminat xərclərindən (16,8%) sonra dördüncü sırada gəlirdi. 2007-ci ilin gözlənilən icra göstəricilərinə əsasən isə, bu il tikinti xərclərindən sonra büdcədə ən yüksək çəkiyə malik olan xərc istiqaməti müdafiə xərcləridir (cari ildə büdcədəki payı təxminən 13 faiz).
3) Dövlət hakimiyyət orqanlarına «büdcə qayğısı» artıb. 2003-2007-ci illərdə ümumdövlət xidməti xərcləri və məhkəmə hakimiyyəti, prokurorluq və hüquq mühafizə orqanlarının saxlanması xərcləri uyğun olaraq 3,7-3,8 dəfə artdığı halda, təhsil və sosial müdafiə üzrə bu, 2,8-3,1 dəfə təşkil edib. Məhz bunun nəticəsidir ki, hazırda dövlət idarəetmə sferasında orta aylıq əmək haqqı təhsil sferasının anoloji göstəricisindən 3, səhiyyədəki orta aylıq əmək haqqından isə 4 dəfə yüksəkdir.
4) Büdcənin qapalı xərclərinin məcmu xərclərdə xüsusi çəkisi sürətlə artıb. Hazırda büdcənin 4 böyük xərc istiqamətinin - əsas bölmələrə aid edilməyən xərclərin, tikinti, müdafiə, məhkəmə və hüquq-mühafizə xərclərinin nə paraqraflar səviyyəsində bölgüsü verilir, nə də iqtisadi təsnifatı təqdim olunur. 2007-ci ildə həmin xərclərin büdcədə ümumi payı 50 faizi ötür. Halbuki, 2003-cü ildə adı çəkilən göstərici 30 faizdən bir qədər çox olub.
5) Büdcə xərclərinin mərkəzləşməsi daha da güclənib. Təqdim olunan məlumatlardan görünür ki, axır 3 ildə yerli xərclərin məcmu büdcə xərclərində payı iki dəfə azalaraq 12,7 faizə enib. Başqa sözlə, büdcə vəsaitlərinə sərəncam vermə səlahiyyətləri ali dövlət qurumlarının kiçik bir qrupunun əlində mərkəzləşib.
6) Rayon büdcələrinə, o cümlədən Naxçıvan Muxtar Resbuplikasına (MR) üçün hər il büdcədən böyük həcmli vəsaitlər ayrılır. Naxçıvan Muxtar Resbuplikasına dövlət büdcəsindən ayrılan xərclər ümumdövlət xidməti xərclərinin əhəmiyyətli hissəsini təşkil edir. 2007-ci ildə MR-ə bölmə xərclərinin 29,8 faizi qədər, yaxud 152,8 mln. manat ayrılması nəzərdə tutulur. Bu, 2003-cü ilə nisbətən 5 dəfə çoxdur. Ümümdövlət xidməti xərclərinin ümumi artımının 159,7 mln. manatı, yaxud 43 faizi qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanması xərclərinin, 124,1 mln. manatı və ya 33,6 faizi isə Naxçıvan MR-ə ayrılan büdcə yardımlarının payına düşür. Belə ki, artıq bir neçə illərdir ki, mərkəzi büdcədən 100 milyon dollardan aşağı olmayan vəsait ayrılır, lakin yenə də oradan büdcəyə daxilolmalar gəlmir ki, bölgələrin büdcəsi respublika büdcəsinin əlavə yükünə çevrilməsin.



