Uşaqlığımdan tanıdığım böyük adam
Şəbnəm Bəkirzadə, 26/08/08
Bir gün şəxsi həyatımla bağlı gündəlik, ya da buna bənzər nəsə yazmaq istəsəm, yəqin ki, 13 yaşımın ən böyük xatirəsini yazaram.
Şıltaq, ərköyün, amma təvazökarlıqdan uzaq olsa da, ağıllı uşaq olduğumu etiraf edirəm. Məktəbdə məni inqilabçı kimi tanıyardılar. Haqsızlığa etiraz edərdim, hətta bunun birbaşa mənə dəxli olmasa da. Doqquzuncu sinifdə oxuyurdum, 13 yaşım vardı (mən məktəbə tez getmişəm). Məktəbimizdə rüşvətxorluq son həddə çatmışdı. İldə iki dəfə fond pulu, bayram və ad günlərində məcburi qaydada pul toplanması və s. bütün uşaqları qıcıqlandırırdı. Amma nədənsə kimsə buna qarşı çıxmırdı. Bir gün etiraz forması düşünməyə başladım. “Narazılığımı necə ifadə edim” sualı ətrafında günlərlə düşündüm. Bir gün məktəbdə dərs vaxtı icazə alıb koridora çıxdım. Ayaqyoluların hər birinin qapısına “500 manat” yazılmış kağız yapışdırdım. Yəni, “bircə bunu pullu eləməmisiniz” mesajı verdim.
Tənəffüs vaxtı məktəb bir-birinə dəydi. Doğrusunu desəm, bu qədər ajiotaj yaradacağını gözləməzdim. Ancaq məktəb direktorumuz Səfərəli müəllimin məktəbin dəcəl oğlanlarını bir-bir yanına çağırıb döyməsi məni yaman əsəbləşdirdi. Məktəbimizin ən yaxşı şagirdlərindən biri, qatıldığım olimpiadaların çoxunun qalibi idim. Buna görə də, mənə həmişə hörmətlə yanaşardılar. Direktorun kabinetinə gəlib deyəndə ki, bunu mən eləmişəm, o, sadəcə “gedə bilərsən” dedi.
Bu söhbət məktəbə yayıldı. Bir gün məktəb müəllimələrindən biri yaxınlaşıb, “sən inqilabçısan, səndən yaxşı siyasətçi çıxar, gəl, səni bir yerə aparım” dedi. Həmin gün məni Xaqani 33 ünvanında yerləşən, “Azadlıq” qəzeti və AXCP qərargahları olan binaya apardılar. Həmin gündən mən həftədə bir neçə dəfə Əbülfəz Elçibəyin şəxsi təşəbbüsü ilə yaradılmış “Savalan” uşaq məktəbinə getməyə başladım.
“Savalan” məktəbi mənim düşüncə tərzimdə, dövlətimə və xalqıma, türk millətimə olan münasibətin formalaşmasında elə təsirli izlər buraxdı ki, zamanla yaşıdlarımdan kəskin dərəcədə fərqlənməyə başladım. 13 yaşlı uşaq üçün ölkənin milli lideri ilə tanış olub onun dərslərində oturmaqdan daha üstün nə ola bilərdi ki?. Uşaqlıq kumirim, əslində daha çox dövlətimin milli lideri kimi sevdiyim bu şəxsiyyət mənim xəyal dünyamı dəyişdirdi. Elçibəyi tərifləmək, ona olan hisslərimi sözlərə çevirmək istərdim, amma yazarkən çox çətinlik çəkirəm. O, bu dünyada mənim həyatımda rastlaşdığım ən Önəmli insan oldu.
Savalan məktəbində müxtəlif mühazirələr, milli kimlik, dövlət sevgisi, ordu, bayraq təəssübkeşliyi aşılanırdı. Əslində, hər bir uşağın qəlbinin ən gizli yerində bu sevgi var idi. Sadəcə, bu hissi doğru yönləndirməkdə, ölkə üçün mükəmməl vətəndaşlar yetişdrməkdə Elçibəyin məktəbi əvəzsiz idi.
Bir gün dərsdən sonra qəzetin həyətində yerləşən çayxana tipli yerdə əyləşmişdik-uşaqlar və Bəhram adlı kuratorumuz. (Məktəb dağıldıqdan sonra mən nə Bəhram bəyi, nə də həmin uşaqların çoxunu bir daha görmədim). Elçibəy bizim oturduğumuz masaya yaxınlaşdı, onun sadəliyi haqqında bütün ölkə bilir. Bizimlə birlikdə əyləşdi, uzun bir söhbət etdik. Hər birimizi böyüklərlə söhbət edirmiş kimi dinləyirdi. O qədər həyəcanlı və sevincli idim ki!!! Masada iki qız idik, qalanları oğlanlar. Bizlərlə söhbətindən məmnunluqla gülümsəyən bəy, “Azərbaycanın ilk qadın prezidenti sizin kimi xanımların içərisindən çıxacaq” dedi. Bəlkə də, bu cümlənin kimsə fərqinə varmadı, amma mənim həyatımı, gələcəyimi, planlarımı dəyişəcək motivasiya idi. Daha heç nə arzulamırdım- siyasətçi olmaqdan başqa. Bir gün bu ölkəyə Elçibəy vəfası, sədaqəti və sevgisi ilə xidmət etmək arzusu gecələrimi yuxusuz, uşaqlığımın son illərini kitablı-qəzetli keçirdi.
Mən indi ölkənin ilk qadın prezidenti olmaq kimi arzudan çox uzağam, hədəf olaraq bunu əsas götürməsəm də, dövlətimə xidmət etmək üçün Elçibəy dünyasının davamçılarından biri olaraq xoşbəxtəm.
O bir nur idi-indi ruhuyla göylərdən yolumuza işıq saldığına da inanıram!



