Yağmurun tablosu...
Səadət Cahangir, 30/12/08
Bu akvarium Nərminindir axı. Universitet illərində yaşadığımız yataqxanadan üzü bəri daşıyıb onu özüylə. Balıqlar dəfələrlə dəyişib, “şüşə qəfəs” xatirə olaraq qalıb. Yola düşməzdən bir gün əvvəl gətirdi. “O illərin ən əziz xatirəsi...”- dedi. Gözləri doldu. Tələbəlikdə “həbsxana modeli” adlandırdığım bu “hədiyyə”nin heç ürəyimdən olmadığını gözlərimdən oxudu. “Başqasına verməyə əlim gəlmədi”. Qəlbini necə qıraydım?. Onsuz da gediş qərarından dəliyə dönmüşdüm... Aylarla yaxın adamımı dəfn etmiş kimi gəzib dolaşdım.
İndi bu akvariumla başa-başa çox da xoşbəxt olduğumu deyə bilmərəm. Balıqların qayğısına qalmaq dərd deyil. Hərdən onlarla dərdləşmək belə xoşuma gəlir. Sadəcə... fırtına kimi əsib keçən o illərin sonunda bu qəfəslə üz-üzə qalmaq içimi üşüdür. Hərdən lap özümü həbsxana gözətçisi kimi hiss edirəm... Nərmin də Amerikada balıqlarının fikrini çəkir. Balıqlara nə var, keyfləri yerində.“Gəl sən nə çəkdiyimi bir də mənə sor...”
-Qızlar, qızlar, ruslar içəri doldular...
-Nə ruslar, onların burada nə işi?
-Bilmirəm... yuxarıdan başlarına su töküblər...
1990-cı ilin soyuq fevral axşamı... Qanlı yanvar hadisələrindən sonra şəhərdə keşik çəkən rus əsgərləri qəflətən universitetin qızlar yataqxanasına dolmuşdular. Otaqları gəzib bir-bir sənəd yoxlamışdılar. Hər halda gözümüzü qorxutmaq üçün. O anda gözlənilməz bir şey baş verdi... Çağırılmamış “qonaqlar”dan biri akvariumdakı balıqlara baxa-baxa qalmışdı. Dayana bilməyib “nə gözəldir...” söyləyəndə Nərmin tapança kimi açıldı. “Gözəldir, amma insanlar üçün...” Əsgərin rəngi sapsarı oldu. Nərminin üzünə acıqlı-acıqlı baxıb, bir söz demədən qapıdan çıxdı... Onların ardınca “neyləyirsən?” çığırmağıma əhəmiyyət belə vermədi. “Hələ azdır, əliqanlı köpəklərə”. Yoxlama başa çatandan sonra mənə daha bir sirr açdı: “beşinci mərtəbədən əsgərlərin başına buzlu suyu mən tökmüşdüm...”
...Masanın üstündəki kitab... “White fang”... indi yadıma düşdü. Dünən kitab rəfini töküşdürəndə əlimə keçdi. Cek Londonun “Ağ dişli” hekayəsi. Gözəl bir əsər. Lap çoxdan oxumuşam.. “Vərəqləyərəm”-dedim...
“O, bir Qurd olduğuna görə, həyatdakı məqsədinin nə olduğunu bilirdi-ət ovlamaq üçün öldürmək və vuruşmaq... Onun bildiyi iki həyat tərzi vardı-özünə məxsus olan və başqa bir həyat tərzi. Özünə məxsus olan həyat tərzinə öldürmək və yemək daxil idi. Başqa həyat tərzi iki hissədən ibarət idi-birincisi, özünün öldürmək və yemək tərzi, ikincisi, özünə məxsus tərzi öldürməklə yemək... Beləliklə, o, ət ovlamaq qanununu öyrəndi. Qanun belə idi: ya yeyəcəksən, ya yeyiləcəksən. O öyrəndi ki, qəddarlığın hökm sürdüyü dünyada yumşaqlığa yer yoxdur.”
-Vurun, vurun, başını əzin bu alçaqların...
-Rədd olsun diktatura!
-Azadlıq, azadlıq, azadlıq!!!
-Al sənə azadlıq, al, al, al...
Polis təpikləri amansız zərbələrlə qalxıb-enir. Dəyənək dəyənək ardınca. Üz-gözü qan içində “Azadlıq!!!” bağıran gənc oğlanı susdura bilmirlər...Çarpışma xeyli sürür. Sonda oğlanı sürüyə-sürüyə polis maşınına aparırlar.
Paytaxtın baş meydanlarından birində baş verən toqquşmadan xatırladığım səhnə. Parlament seçkilərində oğurlanmış səslərini tələb edənlərin səsini polis belə kəsmişdi...
Üstündən üç ilə yaxın vaxt keçir. Bu illər ərzində o gəncin üzünü bəlkə yüz dəfələrlə xatırlamışam. Bəzən bir azadlıq dəlisi, bəzən bir ümid işığı kimi. Hər dəfə işlər nazilib lap üzüldüyü nöqtəyə çatanda o gəncin üzü gəlib dayanıb qarşımda “təslim olmayacaqsınız, vaz keçməyəcəksiniz...”
“O həbs olunduğu qəfəsə nifrət edirdi. Ona baxmağa gələnlərə, ətrafındakı itlərə, bunların hamısından artıq ağası Byuti Smitə nifrət edirdi. O, oğurluğa nifrət edirdi...və buna görə də ətrafında bir-birindən ət çırpışdıran köpəklərə də nifrətlə baxırdı. O yalnız nifrət bilirdi...və bu nifrətin içində itib getmişdi. Onun həyatı cəhənnəm idi.
O artıq öz tərzinə düşmən kəsilməyə alışmışdı...amma indi də hər şeyə düşmən olmuşdu...
Beləliklə, hər şeydə ağasına itaət etmək onun azadlıq sevgisinə üstün gəldi. Qanunlara itaət etmək öz instinktlərinə itaət etməkdən mühüm oldu. Və o, bu qəddar köpəklərlə birlikdə yaşamaq üçün könüllü olaraq öz anadangəlmə azadlığına son qoydu...”
Qanunlar...Onlar nə üçündür ki? Zorakılığa qol-qanad gərmək üçünmü?
Bu ölkədə insanlar illər boyu mücadilə etdilər. Köləliyə qarşı mücadilə etdilər. Ədalətsizliyə qarşı mücadilə etdilər. Normal qanunlar olsun deyə mücadilə etdilər. Amma qanunlara hökm edənlər... Onlar qanunları öz qamçıları kimi havada oynadıb istədikləri yerdə çəkinmədən insanların başına endirdilər. O insanların ki, onların çiynində qalxıb həmin yerə çıxmışdılar. O insanların ki... indi ”bunlar üçünmü mübarizə apardıq”, “bunlar üçünmü hər şeyi qurban verdik” deməkdə haqsız sayılmazlar. İyirmi ildə arzulanan bir dövlət qurulsa nə vardı ki. Amma...bizim dərdimiz daha betər. Bu gedişlə o mərtəbəyə nə qədər iyirmi illər qalır, kim bilir...
Bizim davamız hardan başlamışdı? Böyük imperiyadan qopub azad bir ölkə qurmaq arzusundan.
“Zəncirlərə və ya köləliyə əvəz verilən həyat belə qiymətli, sakitlik belə şirinmi? Qadir Tanrım, hökmünü ver! Başqaları nəyi seçəcəklər, bilmirəm...Amma mənə ya azadlıq ver, ya ölüm!”
Patrik Henri. Üç yüz il bundan əvvəl Amerikanın azadlığı naminə savaşan bir mübariz...
Əsrlər öncə onun kimilər doğulmasaydı, indi dünya başdan-başa köləlik cəhənnəmini xatırladardı...
...Pəncərə aram-aram tıqqıldayır. Deyəsən yağış başlayıb. Balkona çıxıb bir az hava almaq yerinə düşər... Vaaay, nə gözəl yağır!!! Əlimi yağışa tuturam. Narın və ilıq... Küçədən keçən cütlük öz dünyasında. Yağışdan xəbərsiz kimi. Belə səssiz, narın yağmurda dolaşmaqdan gözəl nə var ki?! Rəssam olsaydım...Yağmurda təmizlənən, işıqlanan, gözəlləşən və insanlaşan bu tablonu qaçırmazdım...Yağmurun, sevginin və azadlığın rəngləri ilə çəkilmiş tablonu...



