tərəfindən çap edilib. Azadliqciragi.org (http://azadliqciragi.org)
İslam dövlətləri və liberal demokratiya

Şəbnəm Bəkirzadə, 22/07/08

İmitasiya və örnək anlayışları bəlkə də politologiya elminə yaddır, amma bu yadlığın fonunda əcaib maraqlı Əlahəzrət Fakt dayanır. Hər zaman Əlahəzrət Fakt qarşısında boynu qıldan incə olan nəzəriyyəşünaslar nədənsə bu detalları unudurlar.

İlk olaraq İmitasiya terminindən başlayacağam. İmitasiya edən dövlət quruluşları bənzəmək isdiklərinə daha tez bənzəyirlər. Moskva Tibb Universitetinin bir qrup psixoloqunun apardığı təcrübə belə bir qənaətə gəlməyə məcbur edir.  Uzun müddət klounluq edənlərin psixikasında gerı – uşaqlığa qayıtma əlamətləri nəzərə çarpır. Dram aktyorlarının həyatları faciəvi, uşaq teatrlarının aktyorlarının həyatı isə adətən rəngarəng keçir. Bu mənada dövlət idarəetməsində ictimai təsirin daha sonra rəhbərlikdə imitasiya yaradaraq ictimaiyyətin xoşuna gəlmək üçün daha demokrat görünmələrinə gətirib çıxarır. Bu psevdodemoktratizmin görüntüsü zamanla ciddiləşir və ictimaiyyətin tələbi ilə tam da olmasa, kifayət qədər uyğunlaşır.

Örnək anlayışı şəxsən bir yazar olaraq mənə çox maraqlıdır. Bütün təlim və tərbiyəedici elm sahələrində örnək ən vacib element kimi sıradadır. İnsanların seçimində də örnəyin olduqca böyük rolu vardır. Son zamanlar həyat şəraitinin yaxşılaşması şou-aləminə olan marağı artırıb ki, bunun uşaqların sənət seçiminə təsir etməsi də acı bir örnəkdir.

İndi İslam və liberal-demokratiya adlı yazını niyə imitasiya və örnək anlayışları ilə açmağımı izah edəcəyəm. İslam ölkəsi və liberal-demokratiya anlayışlarını bir dövlət haqqında eyni cümlədə işlətməyin nə qədər çətin olduğunu anlamaq çox asandır. İslam dünyasında kasıb və ya inkişaf etməmiş dövlətlər daha çox üstünlük təşkil edir. Bu sırada Küveyt, Misir, Türkiyə və s. bu kimi müsəlman əhalisinin çoxluq təşkil etdiyi dövlətlər də var. Lakin bu dövlətlərin heç biri siyasi idarəetməsinə görə demokratik cəmiyyətə heç bir töhfə verə bilmədilər.  Və indiyə qədər də belə bir töhfədən söz gedə bilməz. Imitasiyanın olmama səbəbi ictimai tələbin olmamasından irəli gəlir. İslamın təməlində dayanan “şükür”, “səbr” və s. bu kimi baxışlar ictimai tələbatın formalaşmamasına, nəticədə tələbatın olmaması və zamanla rəhbərlərin dövləti öz nəfsinə uyğun şəkildə idarə etməsinə gətirib çıxarır. Rəhbərlik özünü heç vaxt xalqa yaxın göstərməyə məhkum hiss etmir. İmitasiya getmir və demokratik mühit formalaşmır.

Buna görə də, Avropa demokratiyasına bənzəyən heç olmasa bir liberal demokratik idarəetməyə malik dövlət yoxdur ki, yeni formalaşan dövlətlərə örnək olsun. Atom bombası olan Pakistan belə örnək ola bilmədi.  Sovetlər birliyi dağılanda Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi müsəlman dövlətləri Türkiyə Cümhuriyyətini örnək olaraq götürdülər. Xüsusən, Azərbaycanda türklük, oğuz birliyi, din bərabərliyi Azərbaycan və Türkiyə xalqları arasında böyük təmas yaratmış, zamanla bu iki xalqın daha da yaxınlaşmasına səbəb olmuşdur. Lakin Türkiyənin örnək olmadığı çox erkən bəlli oldu. Müstəqilliyini yeni elan etmış dövlətlərin heç biri fərqli mövqe sərgiləmədi. Yeni müsəlman örnəyinin formalaşması prosesinə beləcə son qoyuldu.

Bundan sonra yaxın  gələcəkdə islam dünyasında demokratik idarəetmənin formalaşacağına ümid varmı?. Bunun üçün hər şeydən əvvəl despotizmi demokratik ideyaların, mühafizəkarlıq ənənələrini dünyəvi dəyərlərin əvəzləməsi tələb olunur.

2008 Bütün hüquqlar Azadliqciragi.org tərəfindən qorunur.

Əsas URL: http://azadliqciragi.org/node/58