Rəşad Elli, 06.10.08
Bizim nəslin taleyinə keçid dövründə yaşamaq düşdü. Keçid dövrləri adətən çətin mərhələlərdən ibarət olur – keçmişdən qalanlar dağıla-dağıla gedir, yenini yaratmaq isə çoxlu vaxt, sәbir və iradə tələb edir. Dağılan keçmişin binasından tökülən böyüklü- kiçikli parçalar isə bəzilərinin başına, bəzilərinin isə yoluna düşür. Keçmişlə gələcəyin arasındakı məsafə çox qısa və çaşdırıcıdır ki, təsadüfən onların yeri səhv salına bilər. Bəzi insanlar gələcəyin də elə keçmiş kimi olacağını və elə də olmalı olduğunu iddia etməklə bu çaşqınlığı bir az da artırır.
Sevindiricisi isə odur ki, burada qorxulu heç nə yoxdur. Bu gün yaxşı həyat, şəxsi inkişaf naminə minlərlə Azərbaycanlı həmvətənlərimiz ölkəni buraxıb, Amerikaya, Rusiyaya və Avropa ölkələrinə üz tuturlar. Bir dəfə Ankarada TRT-də işləyən, əslən Azərbaycandan olan dostumuzla bu haqda söhbət edirdik. O deyirdi ki, bizim millətin bir xüsusiyyəti var - çətinliklə üzləşəndə ən rahat yolu qaçmaqda görür. Əslində, bunu bütün millətlərə aid etmək olar. Bu mənada dostumuzla razı deyiləm. Tarix boyunca və hətta bu yaxınlara qədər dünyanın hər yerindən, hətta Avropa ölkələrindən də daha yaxşı həyat axtarışında olan insanlar Amerikaya köçmüşlər.
Önəmli olan başa düşməkdir ki, çətinlik əslində həm də böyük imkanların mövcud olduğunun göstəricisidir. Vinston Çörçilin məşhur bir kəlamı var: “Pessimist hər yeni imkanda çətinlik görür, optimist isə hər çətinlikdə yeni imkan görür”. Yəni ola bilər ki, siz pessimist insana 1 milyon manat pul verəsiniz, o isə bu qədər pulla nə edəcəyi haqqında düşünüb o qədər stresə düşsün ki, qısa vaxt ərzində bu pulu batırsın. Eyni zamanda, mən bir çox insan tanıyıram ki, ən çətin məqamlardan çıxaraq vəziyyəti öz xeyirlərinə dəyişiblər. Bu bir baxış, bir uzaqgörənlik məsələsidir.
Həqiqətən, mən inanıram ki, bu, psixoloji məsələdir. Təbii ki, insan həyatı çətinliklərlə dolu ola bilər. Amma mən düşünürəm ki, çətinlikləri kədər və ya sevincə çevirmək insanın öz əlindədir. Yəni çətinlik sözünün kökü “çətin” olduğu üçün onu tamamilə neqativ bir anlayış kimi qavramaq düzgün deyil.
Biz keçid dövründə yaşamışıq və bu dövrü yaşamaqdayıq. Yəni indi bizim inkişafda olan dövrümüz, gənclik çağımızdır. Unutmayaq ki, bütün uğurlu insanlar adətən çətinlik içində böyüyürlər. Bizim də uşaqlığımız çətin keçir. Bəzən pul yoxdur, bəzən böyüklərimizdən cəza alırıq, varlı ailələrin uşaqları bizə yuxarıdan aşağı baxır, bizimlə oynamır...
Çıxış yolu yalnız bundan ibarətdir- YAXŞI OXUYUB ELM ÖYRƏNMƏK və həyat imtahanından qalib çıxmaq.
Bəli, düzgün yol çox zaman çətin olur. Al Paçinonun baş rolunu oynadığı məşhur bir film var- “Qadın ətri”. Ömrünün sonuna yaxın qoca, kor polkovnik etiraf edir ki, həyatda həmişə doğru yolun nə olduğunu bilirmiş, amma heç vaxt o yolu seçməyib. “Bilirsiniz niyə?” – Al Paçino soruşur. “Because it was damn hard (çünki doğru yol çox çətin idi)”.
Məşhur Amerikan iqtisadçısı Hernando de Soto “Kapitalizmin sehri” (The Mystery of Capitalism) kitabında yazır ki, dünyanın bir çox yoxsul bölgələri insanlarının ağılsızlığına görə yox, ətraflarındakı imkanları necə realizə edəcəklərini bilmədikləri üçün inkişaf etmir. Yazar qeyd edir ki Latın Amerikası, Afrika, Asiyanın xarabalıqlarında milyardlar yatır. Onları canlandırmaq üçün isə bacarıqlar tələb olunur.
Ona görə, biz ətrafımıza baxmalıyıq və imkanları görməliyik. Azərbaycan kimi iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdə həddindən artıq imkanlar var. Bunu Amerikalılar və Avropalılar görə bilir. Bu, onların bizdən daha ağıllı, daha intellektli olmağına görə deyil. Sadəcə modern biznes bacarıqları, imkanları görə bilmək və risk edə bilmək qabiliyyətlərinə görədir.
Həm hökumətimiz, həm də insanlarımız ətrafa daha geniş çevrədə baxa bilməlidir. Hökumət özəl sahəyə daha çox imkanlar yaratmalıdır, bürokratik əngəlləri aradan qaldırmalıdır. O zaman imkanlar daha çox artacaq və iqtisadi, siyasi, sosial və elmi həyat daha çox qaynayacaq.
Burada hökumətin siyasətində işlədilən dil və terminlər də həddindən artıq önəmlidir. Məsələn, “nədənsə xilas olmaq, qurtulmaq“ əvəzinə “nəyəsə nail olmaq, irəliləmək” kimi ifadələrdən istifadə etmək insanları daha çox gücləndirir. Bu kontekstdə, “yoxsulluğun azaldılması” yerinə “zənginliyin artırılması” daha müsbət düşüncə və davranışa səbəb olur. Çünki yoxsulluq insanın normal, təbii halıdır: onu azaltmaq anlayışı isə çox süni səslənir. İmkanları genişləndirib, var-dövləti və rifahı artırmaq lazımdır.
Bunları görmək və hiss etmək ümidi ilə!