Tural Vəliyev, 02/01/09
Londona magistr təhsilimi davam etdirməyə gəldiyim gündən bəri instinktiv olaraq düşüncələrimə bir sual hakim kəsilib: Mənim vətənim-evim haradır və bir insan öz vətəninin harada olduğunu necə müəyyən edə bilər. Mən Bakıda böyümüşəm. Ailəm və dostlarım Azərbaycandadır. Mən üçün Azərbaycanlı olmaq doğma ana dilində danışmaqdan, milli adət-ənənələrə əməl etməkdən və onları anlamaqdan, həyatımın çox hissəsini Bakıda ənənəvi Azərbaycan ailəsində keçirməkdən daha böyük anlam kəsb edir. Londonda və ya Azərbaycandan kənar hər hansı bir yerdə mənim üçün əlçatmaz olan ailə üzvlərim və müəyyən Azərbaycan dəyərləri üçün darıxanda, sanki, nəbzim bu sualla atır, Bakı həqiqətənmi daha böyük anlamda doğma vətəndir”. Yaxşı, bunun vətən həsrəti olduğunu qəbul edirəm. Amma bir sual da ortaya çıxır ki, bizim azadlıq və ləyaqətimiz tapdananda, azadlıq hər kəsin hüququ kimi deyil, müəyyən adamlara imtiyaz kimi veriləndə belə, bizim doğulduğumuz və böyüdüyümüz ölkə doğma vətən hesab oluna bilərmi?. Əgər Bakı mənim vətənimdirsə, nədən hər zaman özümdən soruşmalıyam- mən həqiqətən ora qayıtmaq istəyirəm ya yox? Nədən valideynlərinin və əcdadlarının kökü bağlı olan bir yerdən gəldikdən sonra insan o ölkəyə geri dönmək istəmir.? Axı insanları Azərbaycandan kənarda qalmağa cəlb edən nədir? Məni dünyanın son dərəcə bahalı şəhərlərindən biri, dəhşətli dərəcədə tutqun havası və stresli həyatı olan Londonda qalmaq üçün cəlb edən nə var? Nəsə, bu suallar üzərində bir az baş sındırdıqdan sonra, başa düşdüm ki, bu nə Londonla, nə havayla, nə də insanlarla və pulla bağlı deyil.
Əsas məsələ insan ləyaqəti və azadlıqla bağlıdır: Mən başa düşdüm ki, doğma vətən sənin ləyaqətinin real qorunduğu və onun mərkəzi hissəsində azadlığın dayandığı yerdir. Vətən o yerdir ki, orada sənin həyatınla bağlı seçim etmək azadlığın var. Vətən o yerdir ki, orada sənin fikirlərini ifadə etmək və istədiyin kimi hərəkət etmək üçün maksimum dərəcədə tolerantlıq var. Vətən o yerdir ki, orada sən öz siyasi baxışlarına və birliklərə qoşulmaq istəyinə görə mühakimə olunmur və hədələnmirsən. Vətən o yerdir ki, orada sən öz həyatınla bağlı seksual, cinsi, ictimai və ya siyasi seçiminə görə mühakimə olunmursan. Vətən həm də o yerdir ki, orada sən müəyyən vaxtını, öz seçimindən asılı olaraq, siyasi partiyaya, supermarketə, TV kanala, universitetə, qəzetə və ya hər hansı istədiyin sərf etməkdə azadsan.
Bu gün minlərlə tələbə ABŞ-da və ya Avropada təhsil almaq üçün vətənini tərk edib gedir. Azərbaycan hökuməti 5,000 tələbəni xaricdə oxutmaq üçün büdcə ayırıb. Bu önəmli təşəbbüs neft resurslarının ağıllı idarə olunması strategiyasına gözəl nümunə olaraq alqışa layiqdir. Təhsil inkişafın əsas komponentlərindən biridir. Bizim təhsil və biliyimiz nə qədər çox inkişaf edərsə, özünüdərk və siyasi mədəniyyət səviyyəmiz o qədər yüksələr. Amma xaricdə qalmaq azadlığı olduğunu vurğulayan bu insanlardan neçəsi qayıtmaq üçün məqsədyönlü seçim edəcəklər? Lap onlar qayıtsalar belə, özlərini “vətənə” qayıdan və öz ölkəsinin inkişafı naminə dəyər və maraqlara xidmət göstərən insanlar kimi hiss edirlərmi? Bu, ailənin başı üzərindən xaricdə karyera seçmək deyil, bu, gənc insanların Avropa və ya ABŞ-da qalmaq qərarı verən zaman vətənpərvərliyin ziddinə milli dəyərlərin dəyişdirilməsi də deyil. Bizim hökumətimiz başa düşməlidir ki, əgər insan ləyaqətinə hörmət qoyulmaması, özəl mülkiyyət hüquqlarının, özəl həyatın və azadlığın olmaması üzündən birinin həyatı təhlükədədirsə, öz ölkəmizi vətən adlandırmağımız əlbəttə ki, çətindir.
Bu, sənin doğulduğun və böyüdüyün ölkədir, amma artıq vətənin deyil. Çünki “vətənlik” anlayışı açıq korrupsiya, rüşvət və soyğunçuluqla tənəzzülə uğramışdır. Əgər Azərbaycan hökuməti insanlara idarəedicinin əvəzinə, müəyyən institutlara arxalanan əsaslı azadlıqların olduğu bir mühit yaratmırsa, həmin insanların geri dönməsi və öz ölkəsini vətən adlandırması çətin olacaq.
Bu yüksək intellektə sahib, magistr və doktorant dərəcələri qazanmış insanları, əsas hüquq və ləyaqətin həyatın bütün sahələrində hər gün istismara məruz qaldığı bir yerdə saxlamaq mümkün deyil. Azərbaycanın inkişafı ÜDM-nin artımı ilə, neft axını ilə yaranan sərvətlə, binaların sayı ilə, Olimpiya mərkəzləri və ölkə boyunca inşa olunan yollarla başlamır və bitmir. İnkişaf azadlıq deməkdir. Bizim yaşamımızın keyfiyyət səviyyəsi ÜDM ilə deyil, bizim azadlığımızla ölçülməlidir. Həqiqi iqtisadi inkişaf azadlığa zidd ola bilməz. Əksinə, bu tam olaraq onun özündə və onun üçündür. Azərbaycanın bugünkü mənzərəsi ilə, çoxumuz özümüzə vətən adlandırmaq üçün başqa yerlər axtaracağıq – sadə bir səbəbə görə ki, biz orada öz azadlıqlarımıza hörmət qoyulduğuna və onun qanunlarla qorunduğuna əmin olacağıq.