tərəfindən çap edilib. Azadliqciragi.org (http://azadliqciragi.org)
Nə vaxt bir yaşamaq düşünsəm...

Səadət Cahangir, 12/02/09

Çox yorulmuşdu... Üzgün-üzgün güzgünün qarşısına keçdi. Saçlarını yığmaq istədi. Rəngi sapsarıydı, gözlərinin altı kölgəli...Əllərini üzünə apardı, solğun rəngləri siləcəkmiş kimi...
Bu hüzn verən rəngləri...günəşin qürub vaxtı görmüşdü. Bir də köhnə rəsmlərdə... Ömrün qırıqları kimi kəsik-kəsik qalan...hər il bir az-bir az saralan ağ-qara rəsmlərdə...   

Dərindən ah çəkdi... güzgünün üzərinə duman çökdü. Əksi görünməz oldu. O dumanın üstündə barmağıyla bir rəsm cızmağa başladı. Rənglər dəyişdi, cizgilər  canlandı...

“Hə... indi gözəl”- pıçıldadı öz-özünə. İstədiyi rəsmi almışdı. Balaca bir qız gördü. Gözləri par-par... Saçları günəş rəngində...tellərinə taxdığı çiçəklər rəngbərəng. Onun nəğməsini eşitdi. Çiçəklərin arasında arı kimi vız-vız ötərək oxuduğu nəğməni...
Sonra onun durna qatarına yellənən kiçik ağ əlləri...
Havadan asılmış qayalara dəyib əks-səda verən gülüşü...göy qurşağının yeddi rəngi kimi...  

Gülümsədi. O qızı nə vaxtsa görmüşdü. Çoxdan...lap çoxdan...

Sonra güzgünü sildi. Əhvalı düzəlmiş, üzü işıqlanmışdı...

...Çoxdan beynində dolaşanları yazmaq istədi. Bir kağız götürdü...

Haradan başlayacağını bilmədi. O Adamı xatırladı. Bir axşam saat 9-10 radələrində vağzalda təsadüfən rastlaşdığı... Gecikmiş qatarında bərabər yol getdiyi Adamı... Gözlənmədən ikisi də eyni jurnalı açmışdı oxumağa. Sonra da oxuduqları eyni yazının müzakirəsi başlanmışdı. Heyrət içində dinləmişdi onu...Bir yazıçıdan, ədəbiyyat bilicisindən duymadıqları...

“Yazı musiqi əsərində olduğu kimi bəlli bir ritm duyğusu verməli”.
“...kilim naxışı kimi bütünlüyə, xatirdə qalan bir neçə cizgiyə sahib olmalı...”
...daha nələr, nələr...

“Nə demək istəyir?” “Yoxsa o jurnalın yazarlarından olduğumu bildiyindən...” “Bilsəydi, heç olmasa, kiçik bir eyham vurardı.” Sakitləşdirmişdi özünü.

Qatar stansiyaya çatanda çantasını götürmüş, qalxanda eşitdiklərindən nitqi tutulmuşdu.“Yazılarınızı yenə oxuyacağam”- demişdi Adam gülümsəyərək. Bir anlıq donub qalmış, nə deyəcəyini bilmədən tərk etmişdi vaqonu...

Adını belə bilmədiyi bu Adam kim idi?..Üz-üzə rahatlıqla danışdıqları anda deyilən sözlərin ona ünvanlandığını düşününcə qıpqırmızı oldu. Demək ki,  incəliklə, qəlbə toxunmadan, incik salmadan çatdırmışdı sözünü.

O qədər “dərs”dən sonra “yenə oxuyacağam” demək nəyin işarətiydi ki?..
Sanki bir gecənin qaranlığından içinə işıq kimi düşüb qalmışdı o “iddialı” Adamın sözləri...
Çoxdan belə maraqlı bir Adamla qarşılaşmadığını düşündü...
O gün qatar niyə gecikmişdi, həmin Adamı gətirmək üçünmü?..  
Bu, bir təsadüf idi? Həyatda “təsadüf” deyilən şey varmı yəni?

İndi yaz görüm, nə yazırsan... Əslində, Adam haqlı deyilmi?.. Ritm... qəlbin döyüntüsü, toxunan, duyğulandıran, yaşanan səs... könül çırpıntıları. Könülsüz yazılan əsərin nəfəsi, duyğusu olmaz ki...
O da piano kimi kökdən düşdüsə heç... Həkimlər buna deyərlər “aretmiya”. Yəni ürək ritminin pozulması. Diaqnoza bax!..Öz-özünə güldü...

Ömrümüzü bütün yaşamaq istədik. Tam “bir kilimin naxışları kimi”. Nə qədər zor, deyilmi?..Dünyanın bir nömrəli rəssamının Van Qoq olduğunu düşünürəm. “Günəbaxanlar”ında öz yaşam tablosunu necə çəkmişdi...yaşılından sarısına kimi. Bir yanda alt-üst həyatı, o biri yanda günəş dolu çiçəkləri. Ətrafında kimsənin anlamadığı  acılarının, ağrılarının, eşqinin rəngini anlatmışdı çiçəklərinin diliylə...Bəlkə buna görə könül qoyduğu  “Günəbaxanlar”ı onun ikinci ömrü oldu. Əbədi ömrü...

Bunları düşünürkən...nəsə yazacaqdı axı. Yenidən başlamaq istədi...fikirləri qarmaqarışıq oldu...
Atilla İlhandan son zamanlar oxuduğu bir şeri mızıldandı:

ne vakit bir yasamak düşünsem,
bu kurtlar sofrasinda belki zor,
ayıpsız,
fakat ellerimizi kirletmeden
ne vakit bir yasamak düşünsem,
sus...

Heç nə yazmadı, kağıza üç nöqtə qoydu...

2008 Bütün hüquqlar Azadliqciragi.org tərəfindən qorunur.

Əsas URL: http://azadliqciragi.org/node/93